Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiq fəaliyyəti və yaradıcılığı ilə görkəmli yazıçı, böyük müəllim və ictimai xadim kimi xalqımızın qəlbində əbədi yer tutur. Onun xatirəsi hər zaman böyük hörmətlə yad edilir, həm uşaqlar, həm də böyüklər əsərlərini bu gün də sevə-sevə və maraqla oxuyurlar.
143 il öncə Tiflisdə doğulmuş görkəmli maarif xadiminin atası axund Mustafa Talıbzadə Gürcüstanın tarixi Borçalı mahalının Sarvan, indiki Marneuli rayonundan qədim Talıblılar nəslindən olub. Yazıçı əsərlərində Borçalı mövzusuna da müraciət etmiş, həmin yerlərə “Ey ulu əcdadımızın mədfəni” deyə xitab etmişdi.
Abdulla Şaiqin Marneulidə xatirəsi anadan olmasının 120-ci ildönümündə – 2001-ci ildə oğlu, akademik Kamal Talıbzadənin təşəbbüsü ilə əbədiləşdirilib. Həmin ilin avqustun 10-da Marneulinin Karkaraşvili küçəsində, Talıblılar nəslinin qohumu Nəriman Axundovun fərdi yaşayış evində xatirə guşəsinin açılışı olub.
Xatirə guşəsi üç lövhədən ibarət olub – mərkəzdə Abdulla Şaiqin 120 illiyinə həsr edilmiş barelyefi, ad-soyad, təvəllüd və vəfat tarixinin göstərildiyi və “Görkəmli yazıçı və pedaqoq bu evdə yaşamışdır” sözlərinin yazıldığı lövhə. Sonuncu lövhə artıq mövcud deyil, yerindən düşərək qırılıb, yararsız vəziyyətə düşüb. Xatirə lövhələrinin yerləşdiyi hasar divarı çat verib, lövhədəki yazılar pozulmaq üzrədir. Abdulla Şaiqin barelyefi isə köhnələrək ilkin görünüşünü itirib.
Şəxsi təşəbbüslə yaradılmış guşənin vəziyyətini ötən ilin mayında gündəmə gətirmişdim. Ümid edirəm ki, Azərbaycanın dəstəyilə tezliklə əsaslı yenilənmə və ətrafının gül-çiçəklə bəzədilməsi ilə xatirə guşəsi Abdulla Şaiqin adına və ədəbiyyatımızdakı yerinə layiq formaya gətiriləcək.