Vladimer (Volodya) Qoquadze (1880-1954) Gürcüstanın ilk respublikasının hərbi xadimi, zirehli qatar komandiri, Milli qəhrəmanı (1918) olub. Onun bir tüfəngi o qədər məşhur olub ki, hətta deyilənlərə görə, Qoquadzeni həmin silahsız nadir hallarda görmək olardı. “Borchardt C-93” tüfəngi hədiyyə olub, tarixçəsi isə Bakı və xeyriyyəçi Ağa Musa Nağıyevlə bağlıdır. Bu barədə gürcü mətbuatında V.Qoquadzenin xatirələrinə istinadən dərc olunmuş məqalələrdə söz açılıb.
V.Qoquadzenin həyatının bir hissəsi Bakı ilə bağlı olub. O, 1903-cü ildən Bakı dəmir yolunda çalışıb, Bakı-Hacıqabul xəttində yük qatarında konduktor işləyib. Bakıda inqilabi hərəkata qoşulan gürcü gəncin ləqəbi “böyük Volodya” (“bolşoy Volodya”) olub. O, qanunsuz əməllərinə görə 1906-cı ildə Bakıda axtarışa verilib, tapılmasına görə mükafat da təyin olunub.
Ağa Musa ikinci dəfə 1908-ci ildə oğurlanıb. Deyilənlərə görə, Bakı milyonçusunun bu oğurlanmasında Stalinin əli olub və Nağıyev yüz min rubl müqabilində azadlığa buraxılıb. Lakin yeni və bəlkə də bu günə qədər geniş auditoriyaya məlum olmayan versiya da var ki, milyonçunu xilas edən V.Qoquadze olub.
Bildirilir ki, Nağıyevin oğurlanmasından sonra Bakıda şayiələr yayılır ki, bunu gürcülər edib. Bu da yerli sakinlərdə gürcülərə qarşı müəyyən qəzəb yaradır. Qoquadze şayiələrə son qoymaq məqsədilə məşhur neft sənayeçisini azad etməyə qərar verir. Oğrular bu barədə xəbər tuturlar və Qoquadzedən canlarını xilas etməyə çalışırlar. Qoquadzeyə xəbər çatdırırlar ki, guya Quriyadan (Qoquadze Gürcüstanın bu bölgəsindən idi) qonşusu Tsuladze gəlib və atasından məktub gətirib. Qoquadze ona qarşı plan qurulduğunu anlayır və təyin olunan yerə tək yollanır. Evə daxil olan kimi beş nəfər silahlı soyğunçu ilə rastlaşır. Qoquadze soyğunçulara kələk gələrək özünü elə aparır ki, guya onu müşayiət edənlər var və onlar evi mühasirəyə alıblar. Qapıdan guya onlara “Hazır olun! Hazır olun” deyir. Ağa Musa məhz belə azad edilir.
Nağıyev xilasına görə Qoquadzeyə pul mükafatı təklif etsə də, imtina cavabı alır. Bakı milyonçusu hətta İsveçrədə bankda onun adına pul qoymasını da təklif edir. Qoquadze bununla da razılaşmır.
“Nağıyev mənə xaricdən qiymətli avtomat silah “Borchardt”ı hədiyyə kimi göndərdi. Mən tüfəngi 1921-ci ilədək daşıdım”, – Qoquadze xatirələrində qeyd edib.
Nağıyevin hədiyyəsinin uzun müddət Qoquadzenin doğma Çançati kəndində ailəsi tərəfindən qorunub saxlanıldığı bildirilir. Tüfəngin hazırda harada olması barədə məlumat yoxdur. 1924-cü ildə Gürcüstanın sovet hakimiyyəti hərbi xadimin əmlakını müsadirə edib. Qoquadze Fransada vəfat edib və Levil malikanəsində gürcü qəbirstanlığında dəfn olunub. O, mühacirətdə yazdığı memuarlarının əlyazmalarını İkinci dünya müharibəsi zamanı yandırıb. Qalan fraqmentləri daha sonra həyat yoldaşı gürcü dilində Parisdə nəşr etdirib.
Fotoşəkillərdə V.Qoquadzenin əlində tutduğu silahın Nağıyevin hədiyyə etdiyi tüfəng olduğu bildirilir.