Tbilisidə görkəmli ədibimiz Cəlil Məmmədquluzadənin illərdir fəaliyyətsiz olan ev-muzeyinin (1997-ci ildə yaradılıb) yerləşdiyi binanın bərkidilməsi işlərinə başlanılıb.
İş icraçısı Giorgi Çmuxadzenin sözlərinə görə, köhnə tikilinin zirzəmisində bərkidilmə işlərinə fevralın əvvəlindən başlanılıb və növbəti mərhələdə daşıyıcı divarların möhkəmləndirilməsi planlaşdırılıb. Layihəyə əsasən, özül və əsas divarların bərkidilməsi işlərinin büdcəsi 350 min lari təşkil edir. Məbləğin 3%-ni– binanın sakinləri olan 10 ailənin üzərinə düşən 11 min larini SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi ödəyib. Yerdə qalan hissənin ödənilməsini isə Tbilisi meriyası təmin edib.
Müqaviləyə əsasən, fundamet və daşıyıcı divarların bərkidilməsi işləri bu ilin avqust ayında başa çatdırılmalıdır. G.Çmuxadze qeyd edib ki, tikilinin dayanıqlığı gücləndiriləndən sonra 2 ay müddətində gözləmək tələb olunacaq. Ondan sonra ev-muzeyinin yerləşdiyi sahənin təmirinə və binanın fasadının bərpasına başlamaq mümkün olacaq.
Yaşı 200-dən çox olan binanın zirzəmilərində xəndəklər qazılır, armaturlar quraşdırılır və betonlama işləri aparılır. Altı fəhlənin cəlb olunduğu özülün bərkidilməsi işlərinin təxminən 70%-i artıq başa çatdırılıb.
Bina sakinlərinin nümayəndəsi İrina Kiasaşvilinin sözlərinə görə, bərkidilmə işlərini Azərbaycan tərəfinin dəstəyi mümkün edib. O, sakinlər adından minnətdarlıq bildirib əlavə etdi ki, bərkidilmə işləri sürətlə və məsuliyyətlə icra olunur.