“Azərbaycanlıların həyatını güzgüdəki kimi göstərib” – Tsereteli Axundov haqqında

“Onun əsərlərində azərbaycanlıların həyatı güzgüdəki kimi göstərilib. Axundovun pyesləri ustadlıqla yazılıb, onlarda boş söz və ifadələrin guruldaması yoxdur”.

Bu fikirləri böyük gürcü şairi Akaki Tsereteli (1840-1915) dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov (1812-1878) haqqında söyləyib.

Məhz Tseretelinin sayəsində gürcü oxucular Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun yaradıcılığı ilə tanış olub. O, dramaturqun “Lənkəran xanının vəziri” əsərini ilk dəfə gürcü dilinə tərcümə edib, 1898-ci ilin martında özünün “Krebuli” jurnalının VII sayında “Xanın vəziri” adı altında nəşr etdirib. Tərcüməyə verilən qeyddə komediyanın Mirzə Fətəli Axundova məxsusluğu, onun ədəbi sahəyə gürcü yazıçı Giorgi Eristavi ilə eyni vaxtda daxil olduğu və böyük istedad nümayiş etdirdiyi vurğulanıb.

Dərginin qeyd olunan nüsxəsi Gürcüstan Milli Parlament Kitabxanasının arxivində saxlanılır.