Keçmiş “soyuq”, “Tamamşev” hamamı – Azərbaycanın Tbilisidə bərpa edəcəyi tarixi tikili

Tbilisidə, Qorqasali küçəsi 25 ünvanında, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı üçün yeni binanın inşa olunacağı ərazidə yerləşən yarı dağılı tikili vaxtilə hamam olub. Bu bina ilk dəfə “Seyidabad hamamı – soyuq hamam” adı altında Tiflis şəhərinin 1800-cü il planına daxil edilib.

Seyidabad adına gəlincə, Tiflisin Hamamlar məhəlləsi və onun həndəvərindəki ərazi XVII əsrdə məhz belə adlanırdı. Bu ad ona görə əmələ gəlmişdir ki, XVII əsrin 30-cu illərində İran şahı burada seyidlər icmasını məskunlaşdırıb. Maraqlıdır ki, Ərdəbil və Təbriz şəhərlərində də vaxtilə Seyidabad məhəlləsi olub. Seyidabad – seyidlərin məskəni XVIII-XIX əsrlərdə Xarpux məhəlləsi adlandırılıb.

İslam memarlığına aid binanın tağlı divarları və tavanı vaxtilə mozaika ilə bəzədilib, kiçik hovuzları olub. Hamamda Tiflis zadəganları kükürdlü vannalar qəbul edərdilər. Hamam o qədər yaxşı olub ki, qarşısında növbələr yaranardı.

Şəhərin 1844 və 1876-cı illərə aid planlarında isə hamama “Tamamşev hamamı” adı altında rast gəlinir. Tamamşev XIX əsrin ortalarında binanı alan erməniəsilli xeyriyyəçi, tacirin soyadıdır. Mixail Tamamşev (1852-1908) tikiliyə sahiblənəndən sonra onun ilkin vəziyyətini dəyişdirib, bir neçə otaq əlavə edərək genişləndirib.

Sovet dönəmində hamam fəaliyyətini davam etdirib. 1990-cı illərin əvvəllərində binada bank filialı fəaliyyət göstərib, bağlanandan sonra baxımsız qalıb, ətrafı zibilliyə çevrilib.

Tarixi tikili Gürcüstan dövləti tərəfindən qorunur, ölkə əhəmiyyətli abidə statusuna malikdir.

Teatr binasının təməli 2023-cü ilin oktyabrın 27-də qoyulub. Layihəyə əsasən, qədim tikili tarixi görkəminə uyğun bərpa-konservasiya olunacaq və məkanda sərgi zalları yaradılacaq. Mədəniyyət ocağının 2 il ərzində tikilib başa çatdırılması planlaşdırılıb.

Təməlqoyma mərasimi

Hamama aid tarixi fotoşəkillər Gürcüstan Milli Parlament Kitabxanasının arxivinə aiddir.