1911-ci ilin əvvəllərində Sabir müalicə üçün “Molla Nəsrəddin” idarəsi tərəfindən Tiflisə gətirlimiş idi. …Sabir Tiflisdə ikən müsəlman hissəsi olan Şeytanbazara gedib orada öz xalqı arasında gəzib-dolanıb Tiflisin gənc ziyalıları ilə müsahibədə bulunardı.
Sabirin sevdiyi yer Tiflisin Botaniçeski adlanan bağı idi ki, çox vaxt Sabir həmin bağın aşağısından axan çayın yuxarı tərəfində oturub oradakı mənzərələri seyr edərdi.
Sabir çox xoşsöhbət və hazırcavab bir şair idi. Lakin xəstəlik onu elə bir ağır hala salmış idi ki, bəzən danışmaqdan belə usanırdı.
…Həkimlər əməliyyati-cərrahiyyə olunmaqdan ötrü Sabirin xəstəxanaya verilməsini məsləhət gördülər və o, Aramyans xəstəxanasına yatırıldı. Həkimlər qərara gəldilər ki, əməliyyat edib Sabirin qaraciyərinə baxsınlar, kəsilməsi mümkün olduğu surətdə buradaca kəsib sağaltsınlar. Sabir buna razı olmayıb hətta zarafatyana bir surətdə həkimlərə müraciətlə “mənim qarnım sandıq deyil ki, açıb, içinə baxıb örtəsiniz!” – dedi.
/“Sabir xatirələrdə” kitabından (1982). Məmmədəli Sidqinin “Kiçik bir xatirat”ından/