Mirzə Cəlilin “Molla Nəsrəddin”i kəşf etdiyi məkan

İlya Çavçavadze prospekti. Tbilisinin əsas mərkəzi küçələrindən biri. Böyük ədibimiz, görkəmli ictimai xadimimiz Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının adını məhz bu küçədə gəzərkən tapıb. Dramaturqun ömür-gün yoldaşı, ən yaxın silahdaşı Həmidə xanım Cavanşir xatirələrində Mirzə Cəlilin bu kəşfinin tarixçəsi barədə belə yazıb:

“Mirzə Cəlil mənə danışmışdı ki, satirik bir jurnal nəşr etməyin vacibliyi haqqında çoxdan düşünürmüş, ancaq xəyal etdiyi bu jurnala heç cür uyğun ad tapmır və daim bu fikri götür-qoy edirmiş. Bir dəfə Tsxneti küçəsində gəzəndə birdən-birə ağlına “Molla Nəsrəddin” gəlir. Mirzə Cəlil bu kəşfinə çox sevinir və fikirləşir ki, jurnal üçün bundan yaxşı ad tapa bilməz”.

Keçmiş Tsxneti küçəsi, indiki İlya Çavçavadze prospekti

Tsxneti İlya Çavçavadze prospektinin keçmiş adıdır. Prospekt 1867-ci ildən 1957-ci ilədək bu adı daşıyıb. 1957-ci ildə İ.Çavçavadzenin (1837-1907) anadan olmasının 120 illiyi və vəfatının 50 illiyi ilə əlaqədar prospektə görkəmli gürcü yazıçı və ictimai xadimin adı verilib.