Tbilisi həm də heykəllər şəhəridir. Şəhərdə kiçik, orta və böyük ölçüdə olan diqqət çəkən abidələrə çox rast gəlinir.
Mərkəzi Barataşvili küçəsində 2008-ci ildə açılmış, müəllifi İrakli Tsuladze olan “Fənərçi” heykəli də bu cür abidələrdən biridir. Tuncdan hazırlanmış abidə-kompozisiya 1927-ci ilədək Tiflisə elektrikin gəlməsinə qədər mövcud olmuş fənərçi peşəsinə həsr olunub.
Tbilisi üzrə bələdçilərin söylədiklərinə görə, abidədə müsəlman təsvir olunub və bunun izahı belə verilir ki, Tiflisin küçələrini əvvəllər işıqlandıran fənərlərin fitilləri spirtlə yanırdı. Gürcü fənərçilər spirti daha çox içmək üçün istifadə edirdilər və buna görə də şəhər rəhbərliyinin göstərişi ilə fənərçi kimi yalnız müsəlmanlar işə götürülürdü.
Fənərçilər həm də Tiflisin “zəngli saatı” funksiyasını yerinə yetirirdi. Belə ki, onlar dan yeri ağaranda fənərləri söndürən zaman insanları yuxudan oyadırdı.
“Fənərçi” geyimi və siması ilə təpədən dırnağa müsəlmana bənzəyir. Bəzi gürcü tarixçilər abidədə təsvir olunan müsəlmanın azərbaycanlı olduğunu istisna etmirlər.