“Molla Nəsrəddin”in nəşrə başlamasından 118 il ötür – “Bu hadisə böyük ictimai gurultu doğurur”

Aprelin 7-də Azərbaycanın ilk satirik-yumoristik jurnalı olan “Molla Nəsrəddin”in birinci sayının işıq üzü görməsindən 118 il ötür.

Dərginin təsisçisi və redaktoru, Azərbaycanın böyük yazıçısı, dramaturq, publisist və ictimai xadimi Cəlil Məmmədquluzadə jurnalın dərcinə icazə almaq üçün Tiflis qubernatoruna müraciətində* yazıb:

“Zati-aliləri, cənab Tiflis qubernatoruna

Tiflisdə Priyutskaya küçəsi 18 ünvanında yaşayan

Cəlil Məmmədquluzadədən

Ərizə

Zati-aliləri, Sizdən acizanə xahiş edirəm ki, mənə Tiflis şəhərində tatar dilində öz tipoqrafiyamda redaktorluğum altında həftəlik “Molla Nəsrəddin” satirik-yumoristik (müsəlman ədəbiyyatında məşhur oyunbazın adı) jurnalını aşağıdakı proqram üzrə nəşr etdirməyə icazə verəsiniz:

1)       Söhbətlər

2)       İncə zarafatlar

3)       Felyetonlar

4)       Yumoristik şeirlər

5)       Teleqramlar

6)       Satirik hekayələr

7)       Lətifələr

8)       Poçt qutusu

9)       Yumoristik elanlar

Ərizə Tiflis qubernatorunun dəftərxanasında 21 fevral 1906-cı il tarixi və 874 nömrəsi ilə qeydə alınıb.

Jurnalın ilk nömrəsinin nəşri haqqında Mirzə Cəlilin həyat yoldaşı, görkəmli ictimai xadim Həmidə xanım Cavanşiri xatirələrində yazır:

Həmidə xanım Cavanşir

““Molla Nəsrəddin” jurnalının ilk nömrəsi aprelin 7-də çıxır. İlk tirajı 1 000 nüsxə olur.

Aprelin 6-da axşamçağı jurnalın ilk nömrəsi nəşr olunarkən Mirzə Cəlilin cibində cəmi 9 manat varmış. O, çap maşınının qulpunu fırlatmaq üçün Faiq əfəndi ilə birlikdə hambal tutubmuş. Gecəyarısı hambalı buraxırlar, gedir. Başqa bir hambal tutmağa isə pul olmur. Faiq əfəndi ilə Mirzə Cəlil növbə ilə özləri çap maşınında işləməli olurlar.

Beləcə, səhər açılana kimi işləyirlər. Gecəni yuxusuz qalmaqlarına baxmayaraq, ertəsi gün jurnalın səhifələrini iç-içə tikməklə, bağlama halında yığmaqla, satışa hazırlamaqla məşğul olurlar. Jurnalın bazara çıxarılması ilə satılıb qurtarması bir olur. Bu hadisə böyük ictimai gurultu doğurur. Hər tərəfdən jurnala təbrik məktubları, müsbət rəylər, təriflər yağdırılır. Abunə sifarişləri aşıb-daşır.

Hər həftə jurnalın bir nömrəsi müntəzəm çapdan çıxır. 1907-ci il yanvarın 1-də artıq “Molla Nəsrəddin” jurnalının 39 nömrəsi nəşr olunmuşdu. Tezliklə jurnalın gəlirləri bütün xərcləri və borcları ödəyir. Jurnal böyük uğur qazanır”.

“Qeyrət” mətbəəsi. Keçmiş Davidov, indiki Besiki küçəsi 24

Qeyd edək ki, dərginin abunə qiyməti illik – beş rubl, 6 aylıq – üç rubl, 3 aylıq – iki rubl, nömrənin ayrılıqda qiyməti isə 15 qəpik təşkil edib.

C.Məmmədquluzadənin yazdıqlarına görə, “jurnalın ilk sayı min tirajla nəşr olunmuş, yarısı bir günün ərzində günortayadək Tiflis şəhərində satılmışdı”. İlk sayda “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” çağırışı və üz qabığında öz həmvətənlərini yatmış vəziyyətdən oyatmağa çalışan Molla Nəsrəddinin təsviri yer alıb.

İlk nömrənin üz qabığı

Azərbaycandilli həftəlik jurnalın 340 nömrəlik Tbilisi dövrü 1906-1918-ci illəri əhatə edir.

*Sənəd Gürcüstanın Milli Arxivində saxlanılır, “Molla Nəsrəddin”in əksər karikaturalarının müəllifi, alman rəssam Oskar Şmerlinqin 2019-cu ildə yaradılmış rəqəmsal arxivinə əlavə edilib.