Azərbaycanın görkəmli xanəndələrindən biri olan Əbdülbaqi Zülalov (1841-1927) ömrünün 30 ilini Tiflisdə yaşayıb. Bülbülcan təxəllüslü şuşalı ifaçı Tiflisə 1875-ci ildə tarzən Sadıqcanla birlikdə köçüb.
O, gürcü dilini öyrənərək bütün Gürcüstanı fəth edir. Xanəndəni tez-tez Gürcüstandan kənarlara müxtəlif şənliklərə və bayramlara dəvət edirlər. Əbdülbaqi Azərbaycan, fars, erməni, ləzgi dillərində oxuyur, repertuarı get-gedə genişlənir.
Qısa müddətdə o, bütün Qafqazda hamının sevimlisinə çevrilir. Onu “Bülbülcan” deyə çağırırlar. Bülbülcanı milliyyətindən asılı olmayaraq Qafqaz əhalisinin bütün təbəqələri sevir.
Xanəndə 1888-ci ilin payızında ailəsi ilə Qafqaza səyahət edən rus çarı III Aleksandrın qarşısında çıxış etmişdi. Firudin Şuşinskinin yazdığına görə, çarın gəlişi münasibətilə Tiflisin “Müştəhid” bağında böyük şənlik təşkil edilmişdi. Hörmətli qonağın sağlığına badə qaldıranda Bülbülcanın bülbül kimi səsi eşidildi. İfa və musiqi qonaqları elə heyrətləndirdi ki, Bülbülcan çarın adamlarının şərəfinə bütün sonrakı şənliklərə dəvət olunmağa başladı.
Rusiyaya qayıdarkən çar Qafqaz canişininə tapşırır ki, Əbdülbaqinin nə arzusu olsa, yerinə yetirsin. Əbdülbaqi ona tüfəng və at verilməsini, an əsası isə bu atla Tiflisin mərkəzi küçəsi – Qolovinski prospektindən keçməyə icazə verilməsini xahiş edir. Orada canişinin imarəti yerləşirdi və həmin küçədən ancaq onun yaxınlarının keçməyə ixtiyarları var idi. Ertəsi gün Tiflisdə məşhur müğənni kimi tanınan Əbdülbaqi at belində, əynində bahalı arxalıq, başında gümüşü papaq, çiynində silah, qolunun üstündə şahin Qolovinski prospekti ilə keçərkən camaatın təəccübünə səbəb olur.
_________
Mənbə: “Köhnə Şuşa” kitabı (2019)