Tbilisinin Mirzə Fətəli Axundov küçəsi

Azərbaycanın görkəmli yazıçı-dramaturqu, ictimai xadimi Mirzə Fətəli Axundovun (1812-1878) adını daşıyan küçə Tbilisinin Krtsanisi rayonunda yerləşir.

XIX əsrin birinci yarısında yaradılmış küçəyə Azərbaycan dramaturgiyasının banisinin adı 1930-cu illərin əvvəllərində verilib. Mirzə Fətəli Axundov küçəsinə Tbilisinin 1934-cü ilə aid planında rast gəlinir. Ehtimal olunur ki, küçəyə bu ad ədibin anadan olmasının 120-ci ildönümünün qeyd olunduğu 1932-ci ildə verilib.

Küçənin adını bildirən lövhələr dramaturqun anadan olmasının 210-cu ildönümü ilə bağlı 2022-ci ildə Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin müraciəti əsasında Tbilisi sakrebulosu (şəhər şurası) tərəfindən yenilənib.

Küçədə əsası qoyulduğu dövrə aid ikimərtəbəli tikililər yerləşir, yaşayış evlərinin əksəriyyəti azərbaycanlılara məxsusdur.

Xatırladaq ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin 66 illik ömrünün 44 ili Tbilisinin payına düşüb. O, 1878-ci ilin martın 10-da Tbilisidə vəfat edib, məzarı Nəbatat bağı ərazisindəki görkəmli azərbaycanlıların panteonunda yerləşir.