Cümə məscidi – Tbilisinin birliyə çağıran, Bakı milyonçusunun ianəsinə bərpa olunan ibadətgahı   

Tbilisinin qədim hissəsinin şərq koloritini göstərən tikililərdən biri Cümə məscididir. Botanika küçəsində yerləşən dini ibadət məkanı dünyada mövcud digər məscidlərə bənzəmir. Sıldırım yamacda yerləşən, kərpicdən olan tikilidə İslam və neoqotika memarlığı elementlərinin qarışığından və mozayka naxışlarından istifadə olunub. Səkkizguşəli minarəsi ilə məscid Tbilisinin köhnə hissəsinin mənzərəsində əsas memarlıq incisi kimi yer tutur.

Tarixi mənbələrə əsasən, sünni məscidi 1723-cü ildə Narınqalanın ətəyində Tiflisə nəzarət edən osmanlılar inşa edib, 1740-cı ildə Fars imperiyasının hücumu zamanı Nadir şahın əmri ilə uçurulub. 

Dağılmış məscidin bərpası üçün şəhərin Kazan əsilli tatar sakinləri təşəbbüs göstəriblər. Buna görə də onların xatirəsinə hörmət əlaməti olaraq bu ocağa “Kazan tatarı məscidi” də deyirlər.

Dini ibadət məkanının italyan arxitektor Covanni Skudierinin layihəsi əsasında inşa olunduğu bildirilir. Məscidin sahəsi 1864-cü ildə əhəmiyyətli dərəcədə genişləndirilib. 1895-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına məscid tam bərpa etdirilib.

Hacı Zeynalabdin Tağıyev

Uzun illər məbəddə çalışmış mərhum Təhməz Həsənov 2022-ci ildə Report informasiya agentliyinin Gürcüstan bürosuna müsahibində H.Z.Tağıyevin yardımı haqqında bunları danışıb:

“Tağıyev Cümə məscidinə ən böyük yardım etmiş insanlardan olub. Məscid 1811-ci ildə tikilib, 1864-cü ildə isə Tağıyev onun genişləndirilməsinə yardım edib. İndiki məscid vaxtilə Kazan tatarlarına məxsus olub. Mənə danışılanlara əsasən, Tağıyev Şah Abbas məscidində olarkən hazırkı Cümə məscidinin müfti və imamı onunla görüşüb yardım üçün müraciət ediblər. Tağıyevin yardım kimi 1 kisə qızıl pul verdiyi bildirilir. Onun məscidin minarəsinin inşasına da əlavə yardım etdiyi danışılır. Deyilənlərə görə, milyonçu şərt qoyub ki, minarənin hündürlüyü 27 metr olsun. Onun şərti yerinə yetirilib və minarənin hazırkı hündürlüyü 27 metr təşkil edir”.

Məscidin əsas xüsusiyyəti burada həm sünni, həm də şiələrin birlikdə ibadət etməsidir. Sünnilər bu məscidə 1950-ci illərin əvvəlindən başlayaraq üz tutmağa başlayıb. Belə ki, həmin dövrdə Tbilsidə vaxtilə mövcud olmuş Şah Abbas məscidi (Göy məscid) Metexi körpüsünün inşası səbəbindən uçurulub. (Bu məscidin tarixçəsi barədə ayrıca yazı təqdim olunacaq)

Şah Abbas məscidi

Vaxtilə Cümə məscidində şiə və sünnilərin namaz qılması üçün onların arasında arakəsmə kimi qara pərdə asılardı. Pərdənin 1996-cı ildən götürüldüyü bildirilir.

Gürcüstan hakimiyyəti Cümə məscidini ölkədəki dini tolerantlığın ən parlaq göstəricisi kimi qiymətləndirir və dünyaya təqdim edir. İbadətgah bu gün də hər iki məzhəbə məxsus olanları birləşdirmək missiyasına sadiqdir və İslam dininin həmrəylik, barış, qardaşlıq kimi əsas dəyərlərini təbliğ edir.