Mirzə Hüseyn Əfəndi Qayıbov (1830-1917) Azərbaycan tarixinin ən görkəmli dini liderlərindən və ilahiyyatçılarından biridir.
O, 1884-cü ildə Zaqafqaziya müftisi təyin olunub və 33 il bu vəzifədə xidmət göstərib. Müasirləri ona yalnız Azərbaycanın ədəbi irsini sistemləşdirən maarifçi kimi deyil, həmçinin mövhumatlara qarşı mübariz və tərəqqi tərəfdarı kimi hörmət bəsləyirdilər.
Mirzə Fətəli Axundovun yaxın dostu
Tiflisdə ali dini vəzifəyə təyinatından öncə Hüseyn Əfəndi iki il ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında (Qori seminariyası) tatar (azərbaycandilli) şöbəsində Şərq dilləri müəllimi kimi çalışıb. Bu şöbənin 1879-cu ildə açılmasına məhz Hüseyn Əfəndi yaxın dostu Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovla birgə nail olub. M.F.Axundovun tövsiyəsi ilə Hüseyn Əfəndi həmçinin dörd cilddən ibarət məşhur Azərbaycan şairlərinin şeirlərindən ibarət toplu hazırlayıb. Bu toplunun əsasında Qafqaz Arxeoqrafiya Komissiyasının sərdi Adolf Berje “Azərbaycan şairlərinin şeirləri”ni dərc etdirib.
“Bu yolla xalqıma ən böyük faydanı gətirə biləcəyimə inanıram”
Qayıbov müfti təyin olunmasına dünyəviliyə sadiq qaldığını qeyd edərək belə münasibət bildirir:
“Mən heç vaxt din xadimi olmamışam, heç vaxt dini ayinləri yerinə yetirməmişəm. Lakin mənə təklif olunan vəzifəni qəbul edəcəyəm, çünki bu yolla xalqıma ən böyük faydanı gətirə biləcəyimə inanıram”.
Mirzə Hüseyn əmin idi ki, yeni vəzifədə təhsilin yayılmasına daha səmərəli kömək göstərə bilər. O, yetərli vəsaiti olmayan yüzlərlə istedadlı gəncin təhsil müəssisələrinə qəbul olmasına da dəstək olub.
Hüseyn Əfəndi böyük nüfuz sahibi idi, müsəlman olaraq digər dinlərə də hörmət edirdi, onun rus, gürcü və erməni din xadimləri arasında dostları var idi.
Qızların təhsilli olması uğrunda fədakarlıq
Din xadimi müsəlman qızların təhsil almaq hüququnun təmin edilməsi üçün fədakarcasına mübarizə aparırdı. Tiflisdə nəşr olunan “Qafqaz” qəzetinin 12 yanvar 1914-cü il tarixli 9-cu sayında Hüseyn Əfəndinin müftiliyinin 30 illiyinə həsr olunan məqalədə onun qızların təhsil almasının əhəmiyyəti ilə bağlı xütbəsində səsləndirdiyi fikirləri də yer alıb. Onun sözlərinə görə, ailənin, millətin və dövlətin yeganə möhkəm təməli həm kişiləri, həm də qadınları bərabər inkişaf etdirən məktəbdir. Məqalədə qeyd olunub ki, müfti şəriət kitablarından xütbəsindəki fikirləri möhkəmləndirən bir çox sübutlar toplamış və onları dərc edərək daha geniş yaymaq, nəşrə 204 nəfər müsəlman qadın alim, şair və müəllifin bioqrafik məlumatlarını da daxil etmək istəyib.
Hüseyn Əfəndi qadınların hüquqlarının müdafiəçisi olduğunu ailəsi ilə sübut edirdi və ibrətamiz nümunə kimi çıxış edirdi. Kürəkəni Əliağa Şıxlinski xatirələrində yazır ki, Qayıbov həyat yoldaşı Səadət xanımı çadra geyinməyə məcbur etmirdi, kişilərdən gizlətmirdi, kişilərlə birgə xeyriyyə tədbirlərində iştirakına etiraz etmirdi.
Müftinin iki qızı – Nigar və Gövhər Zaqafqaziya Qızlar İnstitutunu fərqlənmə ilə bitirirlər, oğulları da ali təhsil alır. Qeyd edək ki, Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya (1878-1931) ilk azərbaycanlı şəfqət bacısı kimi tarixə düşüb.
Tiflisdə özünə ucaltdığı iki abidə
Yuxarıda qeyd olunan məqalədə daha sonra bildirilib ki, Hüseyn Əfəndi Qayıbov müfti vəzifəsində 30 illik xidmət dövründə Tiflisdə özünə iki abidə ucaldıb. Məlum olur ki, onun sayəsində Botanika bağının yaxınlığında yerləşən məscidin (indiki Cümə məscidi) genişləndirilməsi üçün ianələr toplanır və əvvəllər 100 nəfərin yerləşmədiyi məbəddə 1500-2000 nəfərin ibadəti mümkün olur.
Maarifpərvər din xadimi həmçinin Tiflisdə sünni mədrəsəsinin açılmasına nail olur. Onun müftiliyi dövrünün başlanğıcında mədrəsədə 20-30 şagird təhsil alırdısa, daha sonra onların sayı 200-ü ötür. Qayıbovun təşəbbüsü ilə yoxsul ailələrin uşaqları təhsil müəssisəsinin nəzdindəki yataqxana ilə təmin olunurdu.
Məqalənin sonunda qeyd olunub ki, Qayıbovun 30 illik müftiliyi mədəniyyət və maarif uğrunda fədakar mübarizə ilə dolu irəliyə doğru qalibiyyət yürüşü olub.
“Vəfatından öncə mərhum arzusunu bildirib ki, …
Hüseyn Əfəndi Qayıbov 1917-ci ilin fevralında 87 yaşında ömrünün böyük hissəsini yaşadığı Tiflisdə vəfat edir. O, ömrünün son günlərində belə xeyirxahlıq etməyə çalışıb. Həmin dövrün qəzetlərində yazılıb: “Vəfatından öncə mərhum arzusunu bildirib ki, tabutuna əklillər qoyulmasın, bunun üçün nəzərdə tutulan pullar xeyriyyə məqsədləri üçün bağışlansın”.
Maarifpərvər din xadimi Tiflisin o vaxtkı müsəlman qəbirstanlığında (indiki Botanika bağı ərazisində) dəfn olunub, məzarı bu günə qədər qorunub saxlanılmayıb.