Valerian Sidamon-Eristavi (1889-1943) gürcü rəssamlığında avanqard cərəyanının nümayəndəsi və Gürcüstanda teatr-dekorativ incəsənətinin əsasını qoyanlardan biridir. Rəssam yaradıcılıq istiqamətlərinin müxtəlifliyi ilə tanınır. O, kitab illüstrasiyaları ilə də məşğul olub, kino rəssamı kimi də fəaliyyət göstərib.
Eristavinin yaradıcılığında tarixi mövzulu əsərlər də xüsusi yer tutur. V.S.Eristavi 1935-ci ildə “Bakı neft quyuları” seriyasına aid 20-yə yaxın əsər yaradıb. Bu seriyaya “Bakı neft mədənləri”, “Yoldaş Stalin Bakı neftçilərinin mitinqində. 1908”, “Orconikidze neftçi-staxanovçular arasında” və digər əsərlər daxildir.
Gürcüstanın Mədəniyyət Nazirliyi 2021-ci ildə “Gürcüstan mədəniyyəti üçün vacib olan şəxsi kolleksiyaların vəhdətinin saxlanması/muzey fondlarının zənginləşdirilməsi” layihəsi çərçivəsində 100 rəssamın 677 əsərini əldə edib. Onların arasında V.S.Eristavinin “Bakı neft quyuları” seriyasından olan 20-yə yaxın rəsm və qrafikalardan ibarət kolleksiya da var.