Nəriman Nərimanovun Gürcüstanda ilk müəllimlik fəaliyyəti – Bəylərlə münaqişə, təqiblər, sui-qəsddən xilas

“Bəşəriyyətin geridə qalmış hissəsinə var qüvvəmlə kömək etmək arzum məndə ilk dəfə Qızılhacılı kəndində yaranmışdı”.

Bu sözlər bu gün anadan olmasından 154 il ötən Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanova məxsusdur. Qızılhacılı Nərimanovun Qori müəllimlər seminariyasını bitirdikdən sonra özünün razılığı ilə müəllim kimi təyinat aldığı Gürcüstan kəndi olub.

Nərimanov əsil-nəsilliklə bağlı olduğu Qızılhacılıda müəllimlik fəaliyyətinə 1890-cı ilin sentyabrın 1-də 20 yaşında olarkən başlayıb. Kənd icmasının topladığı vəsaitlə 1875-ci ildə tikilən üçotaqlı məktəb ilk illərdə müəllim olmadığından və şagird azlığına görə ardıcıl fəaliyyət göstərməyib. Qızılhacılı məktəbi o zaman Borçalı qəzasında yeganə müsəlman təhsil ocağı idi.  

Feodal dövrünün adət-ənənələri, vərdişlərinin hökm sürdüyü kənddə N.Nərimanov ağır şəraitdə elm və maarifi təbliğ edir, uşaqları məktəbə cəlb etməyə çalışırdı. O, sonralar xatırlayırdı ki, “koxanın köməyi ilə 14 uşağı təhsilə cəlb edə bildim”.

O, ilk bədii əsəri olan “Nadanlıq” pyesini də məhz Qızılhacılıda qələmə alıb, dram əsərində kənddə baş verən hadisələri, məktəbin üzləşdiyi çətinlikləri təsvir edib. Əsərdəki obrazların prototipləri də kəndin sakinləri olub, hətta kənddəki adamların adları da pyesdə saxlanılıb.  

Qızılhacılının bəyləri gənc Nərimanı narazılıqla qarşılamışdılar, onlar məktəb vergisindən boyun qaçırırdılar. Bəylər  öz uşaqlarını məktəbə göndərərkən verginin ödənilməsini kəndlilərin öhdəsinə qoyurdular. Bu münaqişə zamanı N.Nərimanov yoxsulları müdafiə edirdi. Borçalı qəzasının məmurları məktəb vergisinin ödənilməsini kəndin varlılarından tələb edirdi.

Nəriman Nərimanov

Gənc Nərimanın avam kəndli kütlələrinin gözünü açması, onların təəssübünü çəkməsi yerli bəylərin narazılığına səbəb olur. Onlar öz uşaqlarını məktəbə buraxmır, məktəb vergisindən boyun qaçırır, gənc müəllimi təqib edirdilər. Nəticədə N.Nərimanov Qızılhacılıda yalnız bir il müəllimlik edə bilir və kəndi tərk etməyə məcbur olur. Borçalı qəzasında başqa müsəlman məktəbi olmadığına görə bir müddət işsiz qalır və daha sonra Bakıya köçür. Bundan sonra Qızılhacılı məktəbi yenə də müəllimsiz və şagirdsiz qalır.  

N.Nərimanova Qızılhacılıdakı bəylər arasında ona dayaq və dəstək göstərən də tapılıb. Həmin şəxs kəndin adlı-sanlı, təhsilli bəyi İsmayıl Mursaqulov olub. O, hətta gənc müəllimi ölümdən belə xilas edib.  

Marneulidə yaşayan İsmayıl bəy Mursaqulovun nəticəsi Kərəm Mursaqulovun sözlərinə görə, Qızılhacılıda təhsilin əsası N.Nərimanovun kəndə gəlişi ilə qoyulub. O bildirib ki, Nərimanov Qızılhacılıda müəllim işlədiyi dövrdə babasının evində yaşayıb. Qızılhacılı məktəbində rus dili müəllimi işləyən İsmayıl bəy Mursaqulovu Nəriman Nərimanovla qohumluq əlaqəsi də bağlayıb.

K.Mursaqulov böyüklərinin ona danışdıqlarına əsasən deyib ki, N.Nərimanova Qızılhacılıda sui-qəsd hazırlanırmış və babası İsmayıl bəy Mursaqulov qohumu Kərim bəylə birgə onu ölümdən xilas edərək kənddən qaçırmağa nail olublar.

İsmayıl bəy Mursaqulov
Fotoşəkli Mursaqulovlar nəslinin davamçısı Fərid Mursaqulov təqdim edib.

Nərimanov Qızılhacılı kəndi ilə əlaqələrini kəsmirdi. O, 1923-cü ilin mart ayında kəndə gəlmiş və yerli sakinlərlə görüşmüşdür.

İsmayıl bəy Mursaqulov da Nəriman Nərimanovla əlaqəsini kəsmir, hətta 1925-ci ilin fevralında onun ictimai-inqilabi və ədəbi fəaliyyətinin 30 illik yubileyi münasibətilə Qızılhacılı kənd ictimaiyyəti adından Moskvaya təbrik teleqramı vurur. SSR İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin (MİK) sədri N.Nərimanov cavab teleqramında qızılhacılılara salam göndərir və təbriki oxuduqda xəyalının onu Qızılhacılıya apardığını qeyd edir. 

“Tiflis qəzası. Qızılhacılı. İsmayıl Mursaqulov yoldaşa

Ədəbi fəaliyyətimin 30 illiyi münasibətilə qızılhacılıların ümumi yığıncağının məni təbrik etməsi haqqında teleqramınızı aldım.

Xahiş edirəm səmimi salamlarımı cəmiyyətə yetirəsiniz. Teleqramı oxuduqda xəyal məni bəşəriyyətin ən geridə qalan hissəsinə var qüvvəmlə kömək etmək arzusunun qəlbimdə ilk dəfə baş qaldırdığı guşəyə apardı.

SSR İttifaqı MİK sədri N.Nərimanov”

Qızılhacılı sakinləri 1 saylı kənd məktəbini indi də “Nərimanovun məktəbi” adlandırırlar. Təhsil ocağına N.Nərimanovun adının verilməsi və həyətində onun büstünün ucaldılması da Mursaqulovların adı ilə bağlıdır.

Belə ki, İsmayıl Mursaqulovun nəvəsi Ramiz Mursaqulov 1980-ci illərdə bu məktəbin 10 il müddətində direktoru vəzifəsində çalışarkən Nərimanovun xatirəsinin kənddə əbədiləşdirilməsinə nail olub. Sovet dövründə Marneulidə, həmçinin  N.Nərimanovun xatirəsinə “Nərimanoba” adlı el bayramı keçirilərdi.

Ramiz Mursaqulov

Qeyd edək ki, görkəmli ictimai-siyasi xadimin Marneuli şəhərinin mərkəzi Rustaveli küçəsində 1983-cü ildə ucaldılmış abidəsi 2021-ci ildə əsaslı şəkildə bərpa olunub, yerləşdiyi park yenidən qurulub.