Gürcüstanın paytaxtı Tbilisidə görkəmli azərbaycanlıların adını daşıyan küçələrdən biri Mirzə Şəfi küçəsidir. Azərbaycan poezisiyasının görkəmli nümayəndəsi, həyat və yaradıcılığının bir hissəsi Tiflisdə keçmiş Mirzə Şəfi Vazehin (1794-1852) şərəfinə adlandırılmış küçə şəhərin Krtsanisi rayonunda yerləşir.
Küçənin əvvəlki adı Tatar döngəsi olub. Bu adda küçəyə Tiflisin 1876 və 1934-cü illərə aid planlarında rast gəlinir. Küçə M.Ş.Vazehin adını 1938-ci ildən daşıyır.
Qaya boyu yerləşən Mirzə Şəfi küçəsi Tbilisinin Botanika bağına aparan iki yoldan biridir. Böyük şairin məzarı də bu bağın ərazisindəki görkəmli azərbaycanlıların panteonundadır.
2009-cu ildə biznes kompleksin inşası adı ilə küçədə yaşayan ailələrin əksəriyyəti köçürülüb, qəzalı olduğu bildirilən evlər sökülüb. Qədim küçənin tarixi görkəminin qorunub saxlanılması ilə bağlı çağırışlar olsa da, məhəl qoyulmayıb. Söküntü işləri sakinlərin narazılığı ilə müşayiət olunub, tikinti layihəsi qalmaqallı olması ilə yadda qalıb. Evlərlə yanaşı ünvan bildirən lövhələr də tarixə qovuşub.
2017-ci ildə isə İsrail investisiyaları əsasında tikiləcək mehmanxananın təməli atılıb. Tikinti işləri gecikmə ilə bu günədək davam edir. Gecikməyə səbəb Tbilisi meriyasının oteli inşa edən şirkətin layihəyə düzəlişlərini dəfələrlə təsdiq etməməsidir.
Hazırda Mirzə Şəfi küçəsində ad bildirən yalnız bir – 4 saylı lövhə var. Mehmanxananın inşasının başa çatmasından sonra küçənin abadlaşdırılması və yeni ünvan lövhələrinin vurulması planlaşdırılıb.