Gürcüstanın Milli Parlament Kitabxanasının arxivinə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun (1812-1878) Tbilisidə vaxtilə yaşadığı bina ilə bağlı yeni fotoşəkil əlavə edilib.
Aziz.ge xəbər verir ki, Kutaisi Foto-Kino Xronika Muzeyinin kolleksiyasına aid olan fotoşəkildə həmin bina və fasadına vurulmuş xatirə lövhəsi əks olunub.
Vaxtilə Tbilisidə nəşr olunan “Zarya Vostoka” qəzetinin 1942-ci ilin iyunun 6-da işıq üzü görmüş 132-ci sayında xatirə lövhəsi haqqında məlumata rast gəlinir. Məlum olur ki, dramaturqun vaxtilə yaşadığı binanın fasadına ilk xatirə lövhəsi anadan olmasının 130-cu ildönümünün tamam olduğu 1942-ci ildə vurulub.
Məlumatda deyilir:
“Bu il Azərbaycan ədəbiyyatının klassiki, uzun illər Tbilisidə yaşayıb yaratmış Mirzə Fətəli Axundovun anadan olmasının 130-cu ildönümü tamam olur. M.F.Axundovun ən yaxşı əsərləri gürcü dilinə tərcümə olunub və Gürcüstanda böyük populyarlıq qazanıb. Xüsusən də onun “Sərab xanlığının vəziri” pyesi Akaki Tsereteli tərəfindən gürcü dilinə tərcümə edilib və onun köməyi ilə 1898-ci ildə gürcü səhnəsində qoyulub və “Krebuli” jurnalında dərc olunub.
Tbilisi şəhər şurasının icraiyyə komitəsinin qərarı ilə M.F.Axundovun yaşadığı Myasnikov küçəsi 53 ünvanında yerləşən evin fasadına xatirə lövhəsi quraşdırılıb.
Lövhədə yazı gürcü, Azərbaycan və rus dillərində həkk edilib: “Bu evdə azərbaycanlı mütəfəkkir və yazıçı Mirzə Fətəli Axundov (1812-1878) yaşayıb”.
Xatırladaq ki, indiki Qorqasali küçəsi 17 ünvanında yerləşən binanın vaxtilə ədibin öz vəsaiti hesabına inşa etdirdiyi bildirilir. Binada 1982-ci ildə dramaturqun ev-muzeyi yaradılıb, 2007-ci ildə Gürcüstanın rəsmi muzeyi statusunu alıb, 2012-ci ildə M.F.Axundovun 200 illik yubileyi ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi ilə əsaslı təmir olunub.