Məcid Behbudov – Gürcüstanda şöhrət qazanmış qarabağlı xanəndə

Bu gün Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndələrindən biri Məcid Behbudovun anadan olmasından 151 il ötür. Xanəndə 1873-cü ilin aprelin 18-də Şuşada anadan olub. Atasının vəfatından sonra gənc Məcid Şuşada varlı bir tacirin yanında arşın malı satmaqla başsız qalmış ailələrini dolandırmağa başlayır. O, şəhərin küçələrində “Ay arşın malı alan” deyə “Segah” və “Bayatı” üstündə oxuyar, xoş səsi ilə müştərilərin diqqətini cəlb edərdi. Maraqlı burasıdır ki, Məcid arşın malı satarkən Abbasqulu bəy Vəkilovun qızı Firuzə xanımı görüb sevmişdi. Onlar Şuşanı tərk etmiş və Tiflisə üz tutmuşlar.

Məcid Behbudov

1906-1907-ci illərdə Məcid rəsmi xanəndəliyə getdi. Tiflis şəhərində yaşayırdı. Məcidin səsi zil səs idi. “Segahi-Mirzə Hüseyn” və “Şüştər”i yaxşı oxuyurdu. “Segah”-da oxuduğu qəzəllərdən bu sətri yadımdadır:

Bimar olub dünən gecə yandım xəyal ilə…

Tiflisdə xalq arasında hörmətli idi. Məcid savadlı olduğundan qəzəlləri düzgün oxuyurdu. İrəvanda və xüsusilə Naxçıvanda geniş xalq arasında yaxşı hörməti var idi”. (“Xatirələr və etnoqrafik qeydlər” kitabından, müəllif C.B.Bağdadbəyov)

M. Behbudov Tiflisdə yaşayan musiqiçilərlə birlikdə toylara, el şənliklərinə gedir, az bir vaxtda musiqisevərlər arasında tanınaraq, böyük nüfuz və hörmət qazanır. Artıq 1910-cu ildə o, Gürcüstanda məşhur xanəndələrdən biri idi. Müasirləri kimi, Məcid Behbudov da gözəl səsi və ifa tərzi ilə diqqəti cəlb etmiş, “Qrammofon” şirkəti onu səsini vala yazmaq üçün 1910-cu ildə Riqa şəhərinə dəvət etmişdir. Onun səsi yazılmış onlarca val ən məşhur muzeylərdə, o cümlədən, Böyük Britaniyanın məşhur Kral Kitabxanasında qorunub saxlanılır.

Xanəndə Azərbaycan opera teatrının inkişafında da yaxından iştirak etmişdir. O, 1910-cu illər ərzində Azərbaycana gəlmiş, bir sıra muğam operalarında və operettalarda çıxış etmişdir.

Məcid Behbudov ömrünün çox hissəsini Gürcüstanda yaşamış, Tiflis teatrlarında, konsert salonlarındakı çıxışları ilə yaddaşlara həkk olunmuşdur.

Muğam XX əsrin əvvəllərində Tiflisin şəhər folklorunun ayrılmaz hissəsi olub. Bunu Tiflisdə doğulmuş, buradakı Azərbaycan teatrında çalışmış görkəmli teatr və kino aktyorumuz, Xalq artisti Mustafa Mərdanov da (1894-1968) xatirələrində yazıb. O, Məcid Behbudovun da ifasını qeyd edib:

“… Ortaçalada – Kürün sahilində Əbdül Bağı Zülalovun “Ay bəri bax, bəri bax” təsnifi, Məcid Behbudovun “Qaçaq Nəbi” təsnifi, Baqratın “Şur” dəsgahı, Sevinin kamançasının “Segah”ı, Bala Qriqor oğlunun “Çargah”ı, məşhur kintolardan Sako ilə Arşakın orqanlarının səsi Kür çayının şırıltısına qarışaraq şəhər yığıncaqlarına xüsusi vüsət və gözəllik verirdi”.

Şuşalı muğam ifaçısının repertuarı çox geniş və rəngarəng idi. Onu Tiflisdə təkcə azərbaycanlıların deyil, erməni, xüsusilə gürcü məclislərinə tez-tez dəvət edərdilər. Xanəndə erməni və gürcü dillərini yaxşı bildiyindən çox vaxtı məclislərdə bu dillərdə qüsursuz oxumaqla hamını valeh edərdi. Məcid Behbudovun ən çox oxuduğu yer Tiflisin “Dvoryanski klubu” idi.

Məcid Behbudov Firuzə xanım Vəkilovanın vaxtsız vəfatından sonra Tiflisi tərk edir və İrəvana üz tutur, şərq orkestrində işə düzəlir. Lakin burada da qərar tuta bilməyib Firuzə xanımın vətəni Qazaxa gəlir və mədəniyyət evində çalışmağa başlayır.

Firuzə xanım Vəkilova

Məcid Behbudovun övladları da milli mədəniyyətimizin inkişafında mühüm rol oynayıblar. Müğənninin oğlu, SSRİ xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi Rəşid Behbudov öz bənzərsiz səsi ilə dünya şöhrəti qazanmışdı. İkinci oğlu – Ənvər Behbudov Rusiyanın xalq artisti, görkəmli rejissor, qızı Nəcibə Behbudova isə Azərbaycanın əməkdar artisti olmuşdur. N.Behbudova Tiflis Azərbaycan teatrında da aktrisa kimi fəaliyyət göstərib.

R. Behbudov “Arşın mal alan” (1945) filmində Əsgər rolu ilə atasının gənclik obrazını yaratmışdı. O, sonralar təəssüflə qeyd edirdi ki, atasına “Arşın mal alan” filminə baxmaq qismət olmadı. Məcid Behbudov 1945-ci il sentyabrın 6-da vəfat edib və Qazaxda dəfn olunub.

Rəşid Behbudov “Arşın mal alan” filmində Əsgər obrazında