Şuşa küçəsi – Tbilisidə itirilmiş məkan adı və yeganə nişanəsi – ARAŞDIRMA

Gürcüstanın paytaxtı Tbilisidə vaxtilə – 1903-1995-ci illərdə Şuşa adlandırılmış küçə (indiki Qertsel Baazov küçəsi) haqqında iki araşdırma yazım olub. Yazılar vaxtilə əməkdaşı olduğum Report informasiya agentliyinin saytında dərc olunub.

Tbilisidəki “Şuşa”nı da itirmişik – erməni hiyləsinin gizli izləri

Tbilisidəki “Şuşa”nın bərpası üçün hansı addımlar atmalıyıq? – II ARAŞDIRMA

Muğam tədqiqatçısının verdiyi ipucu

Küçə ilə bağlı ipucunu mənə tanınmış muğam tədqiqatçısı, alim Gülhüseyn Kazımlı vermişdi. Mərhum ziyalımız 2019-cu ilin oktyabrında Gürcüstanda səfərdə olarkən bir görüşdə söhbət əsnasında Tbilisidə Şuşinski küçəsinin olduğunu qeyd etmiş, məndən belə bir küçə barədə məlumatlı olub-olmadığımı maraqlanmışdı. Bu adın görkəmli muğam ifaçımız Seyid Şuşinskinin şərəfinə verildiyi barədə ehtimallar var idi. Məlumdur ki, xanəndənin yaradıcılıq həyatının bir hissəsi məhz Tiflisdə keçib.

Gülhüseyn Kaızmlı keçmiş Şuşa küçəsində.
Noyabr, 2023

Apardığım araşdırmalar zamanı həmin küçənin yerini öyrəndim, adının isə vaxtilə Şuşinski deyil, Şuşa olduğu üzə çıxdı. Küçənin köhnə adını bildirən yalnız bir – üzərində gürcücə “Şuşinis küç.” yazısı olan 9 saylı köhnəlmiş lövhə qalıb.

Gürcü mənbələri toponimin mənşəyini necə izah edir?

İlk araşdırmamda küçənin adı ilə bağlı məlumata 2008-ci ildə nəşr edilən İrakli Abaşidzenin müəllifi olduğu “Tbilisi – Küçələr, prospektlər və meydanlar” adlı ensiklopediyada rast gəldim.

Kitabda indiki Gertsel Baazov küçəsi haqqında məlumatda yazılıb:

Gertsel Baazov küçəsi – Tbilisinin köhnə rayonunda (Xarpux), İoseb Qrişaşvili küçəsindən dağın yamacınadək uzanır. Küçə XIX əsrdə salınıb. 1903-cü ildə Tbilisi Şurası tərəfindən küçələrin siyahısına Şuşi küçəsi kimi daxil edilib, bu adla küçələrin 1922 və 1934-cü illərdəki planlarında da qeyd olunub. 1960-cı ilin küçələrin soraq kitabçasında Şuşina küçəsi kimi göstərilib. 1995-ci ildə Baazov küçəsi adlandırılıb.  

Şuşa Azərbaycanda şəhərdir. Qədim feodal dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. 1813-cü ilin Gülüstan müqaviləsinə əsasən İran xanlığı Rusiyaya verib”.

Keçmiş Şuşa küçəsi ilə bağlı araşdırmalarımı davam etdirdim və yeni bir mənbədə bu küçə haqqında daha ətraflı məlumat aşkarladım. Həmin mənbə müəllifi Otar Tkeşelaşvili olan 1986-cı ildə nəşr olunan “Tbilisi küçələri (qısa tarix)” kitabıdır. Müəllif küçə haqqında məlumatda onun hansı səbədən Şuşa deyil, Şuşinis kimi adlandırıldığına da aydınlıq gətirib:

“Şuşini” – rusca “Şuşinskaya” adının gürcücəyə tərcüməsidir. Tbilisi şəhərinin gürcü dilində olan planlarında (1922-1924) bu küçənin adı tam ədalətli olaraq “Şuşa küçəsi” kimi təqdim olunub. Şuşa – Azərbaycanda şəhərdir. Qədim feodalizm dövründə Şuşa, yəni Qarabağ xanlığı mövcud olub. Xanlıq 1805-ci ilin mayında Şəki xanlığı ilə birgə Rusiya imperiyasının tərkibinə daxil olub. 1813-cü ildə Gülüstan  sülh müqaviləsinə əsasən, İran Şuşanı, yəni Qarabağ xanlığını Azərbaycanın digər xanlıqları ilə birgə Rusiyaya verib. Tbilisinin bu küçəsinin adı məhz bu Şuşa ilə əlaqəlidir. Buna görə də küçə “Şuşinis” (rusca, əbəttə ki, “Şuşinskaya” olacaq) deyil, Şuşa kimi adlandırılmalıdır”. 

Digər mənbə 1940-cı ildə işıq üzü görmüş Tbilisi şəhəri üzrə sorğu kitabçasıdır. Burada “ş” hərfi ilə başlayan küçə adlarının siyahısında rusca “Шушинская улица” – “Şuşinskaya küçəsi”nə rast gəlinir.

“Şuşa” xatirəsi yaşadılacaqmı?  

İlk araşdırmamda Şuşa küçəsindən qalan yeganə nişanənin üzərindəki 9 rəqəminin simvolik mənasına toxunmuşdum. Qeyd etmişdim ki, klassik numeralogiyada bu rəqəmin ifadə etdiyi mənalardan biri ölüm və yenidən doğuluşdur. Gürcüstan paytaxtındakı “Şuşa” “ölsə” də, “yenidən doğulmaq” şansı var. 9 nömrəli köhnə lövhəcik də sanki məhz buna işarə etmək üçün asılı qalıb.  

Paslanmış lövhəciyi xatirə lövhəsi halına gətirərək üzərində gürcü və ingilis dillərində bu sözlər yazıla bilər: “Bu küçə 1903-1995-ci illərdə Azərbaycanın hazırkı mədəniyyət paytaxtı Şuşa şəhərinin adını daşıyıb”.

Xatirə lövhəsinin əksər sakinlərini soydaşlarımız təşkil edən küçəyə quraşdırılmasına şahidlik etmək, “Tbilisidə keçmiş Şuşa küçəsinə xatirə lövhəsi vurulub” başlıqlı xəbər vermək arzusu ilə.

Cəmilə Babayeva