Bakı və Tbilisi şəhərlərinin tarixi memarlıq binaları arasında opera və balet teatrlarının xüsusi yeri var. Tikililərin memarlıq üslubları və siluetlərinin oxşarlığı diqqət çəkməyə bilmir. İki binanı bir-birinə bənzədənlər yanılmır. Belə ki, indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının layihəsi hazırlanarkən indiki Zakaria Paliaşvili adına Tbilisi Opera və Balet Teatrının çertyojları əsas götürülüb.
Bu barədə Manaf Süleymanovun Bakının qədim keçmişindən bəhs edən “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından məlum olur. Nəşrdə bildirilib ki, Bakıdakı teatrın memarı erməni əsilli Nikolay Bayev Tiflisdəki opera teatrının çertyojları ilə tanış olduqdan sonra layihə üzərində işləməyə başlayıb.
Binanı inşa etdirən Bakı milyonçusu, erməni əsilli Daniil Mailov memara inşa edəcəyi binanın Tiflisdəki opera binasına oxşamaqla yanaşı ondan daha gözəl, daha üstün olmasını tapşırıb. Opera və Balet Teatrı olduqca qısa vaxtda – 8-10 aya tamamlanıb və 1911-ci ildə açılıb.
Kitabda binanın tikilmə tarixçəsi ətraflı təqdim olunub:
“1910-cu ildə Bakıya məşhur bir xanəndə qadın gəlir, səsinin ahəngi, özünün gözəlliyi, qəşəngliyi ilə Bakı milyonçularının diqqətini cəlb edir, başlarını gicəllədir. Milyonçu Mailov qardaşlarından böyüyü bu xanıma bərk vurulur, ona əlindən gələn «hörməti» edir. Brilyant üzüklər, sırğalar, zərli-zibalı parçalar, libaslar, boyunbağılar, bilərziklər, qolbaqlar bağışlayır.
Mailov qardaşları balıq-kürü taciri idilər. Kür qırağında vətəgə icarəyə götürmüşdülər. Balıq-kürü hazırlayan sexləri vardı. Professor S. M. Apresov deyirdi ki, müğənni xanıma vurulan Mailov yekəpər, cüssəli bir kişi idi.
Xanəndə xanım gah Birja (Üzeyir Hacıbəyov) küçəsində, gah da ağac və taxtadan tikilmiş «Sirk» binasında, gah da «Qış» klubunda konsert verirdi. Böyük də müvəffəqiyyət qazanırdı. Qastrol başa çatanda xanəndə xanımın şərəfinə «Kazino»da təntənəli vida ziyafəti düzəldirlər.
Söhbət zamanı xanımdan soruşurlar ki, «bizim şəhərə bir də nə vaxt gələcəksiniz?». Xanım başını bulayıb cavab verir ki, «Yəqin ki, heç haçan. Çünki mən sirk və kazino salonlarında oxumağa adət etməmişəm. Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin».
Mailov xəbər alır: «Xanım, indi hara gedirsiz, nə qədər müddətə?» Müğənni xanım Yaponiyaya qastrola getdiyini və bir ildən sonra qayıdacağını bildirir. Mailov deyir ki, bir ildən sonra bizim şəhərə gəlin, münasib bina hazır olacaq və onu siz açacaqsınız. Razılaşırlar.
Mailov opera binasını layihələndirməyi arxitektor Bayeva tapşırır və deyir ki, bu, Tiflisdəki opera binasına oxşamaqla yanaşı ondan daha gözəl, daha üstün olmalıdır.
Hacı Zeynalabdin Tağıyev həmin əhvalatı eşidir və Mailova rast gələndə, söhbət əsnasında teatr binasının tikilməsini xəbər alır. Mailov cavab verir ki, memar Bayev Tiflisdəki opera teatrının çertyojları ilə tanış olub qayıdıb, indi gecə-gündüz bizim layihə üzərində işləyir.
Hacı Zeynalabdin deyir ki, ağlım kəsmir, o boyda binanı bir ilə tikib başa çatdırmaq olsun! Mən özüm bənna, sonra da podratçı olmuşam, çox da ev tikmişəm. Hər şeyi bilirəm. Çətin işdi.
Mailov gülümsəyib deyir: «Hacı, gəl mərcləşək. Əgər bina bir ilə hazır olmasa, mən onu başa çatdırıb verərəm sənə, olar səninki, xərci məndən. Yox, əgər başa çatdırsam, çəkdiyim xərci sən ödəyərsən, bina qalar mənə». Razılaşırlar.
Mailov binanı bir il əvəzinə səkkiz aya tamamlatdırır. Səs bayıra yayılmasın, içəridə qalsın deyə tavana başdan-başa ikiqat qalın məxmər, onun üstündən də keçə döşəyiblər…
Mailov xanəndə xanıma teleqram vurur; o da Bakıya gəlir və operanın açılışında iştirak edir və birinci mahnını oxuyur. Şəhərin varlı adamları, musiqi və teatr ustaları açılışda iştirak edirlər. Xanəndə xanım ariyanı qurtaranda başına pul yağır. Səhnə başdan-başa gül-çiçək içində idi. Mailov xanıma çiçəklər və güllər şəklində pullardan – beş yüz manatlıq, yüz manatlıq, əlli manatlıq və iyirmi beş manatlıqdan düzəldilmiş böyük bir çələng göndərir. Bu barədə şəhərdə uzun-uzadı söhbət gedir”.
Tbilisinin Rustaveli prospektində yerləşən Opera və Balet Teatrının binasının tikintisi 1896-ci ildə başa çatdırılıb. Mədəniyyət ocağı 1 200 tamaşaçı üçün nəzərdə tutulmuşdu. Binanın prototipi isə Almaniyanın Bayroyt şəhərindəki Rixard Vaqner opera teatrı olub.
Lakin bu, Tbilisidə ilk opera və balet teatrı olmayıb. Belə ki, ilk teatr binası keçmiş İrəvan, indiki Azadlıq meydanında inşa edilib, 1851-ci ilin aprelin 12-də açılışı olub. Bina knyaz Mixail Vorontsovun tapşırığı əsasında tikilib. Tikinti italyan memar Covanni Skudierinin rəhbərliyi altında dörd il davam edib. Binanın interyerini rus rəssam Qriqori Qaqarin tərtib edib. Tikilinin ömrü uzun olmayıb, 1874-cü ildə teatrda baş vermiş güclü yanğın binanı tamamilə məhv edib.