Cabbar Qaryağdıoğlu (1861-1944) Azərbaycanın musiqi tarixində və inkişafında təkrarsız rol oynamış sənətkarkardan biridir. Böyük rus şairi Sergey Yeseninin “Şərq musiqisinin peyğəmbəri” adlandırdığı xanəndə özündən sonra çox qiymətli irs qoyub. Xanəndənin repertuarında özünün bəstələdiyi və sözlərini yazdığı bir sıra mahnılar da var. Azərbaycan xalq mahnıları kimi tanınmış həmin mahnıları daha sonralar görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Səid Rüstəmov və digərləri nota salıblar. Onların arasında ən məşhuru “İrəvanda xal qalmadı” mahnısıdır.
“Tiflisin yolları” adlı xalq mahnısı da Cabbar Qaryağdıoğluna məxsusdur. Onu nota köçürən Səid Rüstəmov olub.
Tbilisili publisist, tərcüməçi və araşdırmaçı Mirzə Məmmədoğlu bu mahnının yaranma tarixçəsini belə izah edir:
“Cabbar Qaryağdıoğlunu da Tiflisdə yaxşı tanıyırdılar. Qaryağdıoğlu öz dəstəsi ilə İrandan qayıdarkən İrəvan şəhərinə gəlir. O, burada üç həftə gecə-gündüz toy məclislərində olur. Oradan da Tiflisə dəvət olunur. Tiflisdə şəhərin şənlik və məclislərində uğurla çıxış edərək tamaşaçıların rəğbətini qazanır. Burada Cabbar Qaryağdıoğlu azərbaycanlıların, gürcülərin məclislərində sevinclə qarşılanır. Belə ki, o, həmin vaxtlar Tiflisdə üç ay qalmalı olur. Tiflisin füsunkar gözəlliyinə valeh olan xanəndə onun şəninə mahnı da qoşur. “Tiflisin yolları” mahnısı o zamanlar ən sevimli mahnılardan biri idi”. (“Xalq cəbhəsi” qəzeti. “Qədim Tiflis xanəndələri II yazı”dan. 2010)
Xanəndə ahıl yaşlarında da muğam və xalq mahnılarımızı gəncliyində olduğu kimi böyük məharət və həvəslə oxuyardı. O, hətta 74 yaşında ikən Tiflisdə keçirilən incəsənət olimpiadasında iştirak edib və birinci mükafata layiq görülüb:
“1934-cü ildə Tiflis şəhərində Zaqafqaziya xalqlarının incəsənət olimpiadası keçirilirdi. Olimpiadada 17 millətin məşhur xanəndə, çalğıçı, rəqqası öz məharətini nümayiş etdirirdi. 74 yaşlı Cabbar Qaryağdıoğlu da bu olimpiadada çıxış etmiş, birinci mükafata layiq görülmüş və Fəxri fərmanla təltif edilmişdir”. (“Şərq musiqisinin peyğəmbəri”, Zemfira Yusifqızı. Bakı-2008)
“Tiflisin yolları” mahnısının notları, Azərbaycan və rus dillərində olan sözləri ilə Azərbaycan xalq mahnıları toplularında tanış olmaq mümkündür.
Tiflisin yolları daşdı,
Mənim yarım qələmqaşdı
Nəqarət:
Hanı mənim nadan yarım,
Qaş-gözün oynadan yarım?
Tiflisin yolları xurma,
Yar saçları burma-burma
Nəqarət:
Hanı mənim nadan yarım,
Qaş-gözün oynadan yarım?
Tiflisin yolları püstə,
Yarım gəlsin, gözüm üstə.
Nəqarət:
Hanı mənim nadan yarım,
Qaş-gözün oynadan yarım?
***
Дороги Тифлиса покрыты камнями.
Мне так одиноко. Не сплю я ночами.
Припев:
О, где ты, любимый? Себя не таи!
Где ясные очи, где брови твои?
Дороги Тифлиса хурмой обрастают.
У милого кудри как уголь сверкают.
Припев:
О, где ты, любимый? Себя не таи!
Где ясные очи, где брови твои?
Дороги Тифлиса в зелёных фисташках.
В разлуке с любимым мне горько и тяжко
Припев:
О, где ты, любимый? Себя не таи!
Где ясные очи, где брови твои?
İRS folklor ansamblı və Aygün Mahmudovanın ifasında mahnının nəqarəti dəyişdirilib.