Tbilisidə Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli mütəfəkkir, ictimai xadim və maarifçi Mirzə Fətəli Axundov adına 73 saylı azərbaycandilli məktəbin həyətində yerləşən ədibin büstü zədələnib.
Aziz.ge xəbər verir ki, büstdə burun elementinin bir hissəsi qopub, hazırda həmin yerdə ağ dəlik yaranıb.
Bundan başqa, abidənin postamentinin aşağı hissəsindəki mərmər lövhənin bir hissəsi də dağılıb.
Büstdə zədələrin son illərdə təbii aşınma səbəbindən əmələ gəlməsini söyləmək olar. Belə ki, abidənin 2020-ci ildə çəkilmiş aşağıda təqdim olunan fotoşəkillərində burun hissədə qopma yoxdur və postamentin aşağı hissəsində mərmər üzlük bütövdür.
Qeyd edək ki, büstün olduğu hazırkı məkan abidənin ilk ucaldıldığı yer deyil. Bu barədə maraqlı tarixçə ilə tanış olmaq yerinə düşər.
Ucaldılandan 11 il sonra yoxa çıxan büst
Həyat və yaradıcılığının böyük hissəsi Tbilisi ilə bağlı olan azərbaycanlı dramaturqun tuncdan olan büstü 1982-ci ildə onun anadan olmasının 170-ci ildönümü ilə bağlı hazırlanıb. Müəllifi Gürcüstanın əməkdar rəssamı, heykəltəraş Quram Kacaya olan monument keçmiş Leselidze, indiki Kote Abxazi küçəsində yerləşən 67 saylı orta məktəbin qarşısındakı bağda ucaldılıb. Lakin büst 11 ildən sonra – 1993-cü ildə yoxa çıxır. Bəzi məlumatlara əsasən, abidənin götürülməsi mərkəzi küçədə aparılan bərpa işləri ilə bağlı olur. Lakin yenidənqruma işlərindən sonra abidə yerinə qaytarılmır. Büstün yox olması 1990-cı illərin əvvəllərində Tbilisidə təəccüb doğurmayan hal idi. Belə ki, həmin dövrdə şəhərdə bir neçə büst və heykəl ya tamamilə götürülüb, ya da yeri dəyişdirilib.
Abidənin xilaskarı – gürcü həkim, büstün “dünyaya təkrar gəlişi”
Büstü vaxtilə Leselidze küçəsində yaşayan həkim David Askurava qoruyub saxlayır. O, abidəni məhv olmaqdan xilas edir və 67 saylı orta məktəbin zirzəmisində saxlanılmasına nail olur. M.F.Axundovun büstü düz 13 il həmin zirzəmidə qalır.
2006-cı ildə 67 saylı məktəbin rəhbərliyi büstü M.F.Axundovun adını daşıyan məktəbə hədiyyə edir. Q.Kocaya və memar David Morbeladze abidəni bərpa edirlər. Həmin ilin iyun ayının 30-da büst 73 saylı azərbaycandilli məktəbin həyətində 13 ildən sonra ikinci dəfə “həyata qovuşur”. Rəsmi açılış mərasimində çıxış edən heykəltəraş əsərinin “dünyaya təkrar gəlişi”ndən razılığını ifadə edib.
Gürcüstanda Azərbaycanın mədəni irsinə aid abidə – M.F.Axundovun büstü mütləq təmir-bərpa olunmalı, qorunub saxlanılmasına və təmizlənməsinə diqqət göstərilməlidir.