Qarabağ atları və Gürcüstan – ARAŞDIRMA

Azərbaycanın milli sərvəti olan və dünyada böyük şöhrəti ilə seçilən Qarabağ atlarının məşhurluğu vaxtilə Gürcüstanı da əhatə edib.

Gürcüstanda 2022-ci ildə apardığım və Report informasiya agentliyinin saytında dərc olunan araşdırma yazımı təqdim edirəm.

Araşdırma zamanı Qarabağ atları ilə bağlı maraqlı tarixi faktları üzə çıxarılıb, eyni zamanda Gürcüstan və Azərbaycan arasında atçılıq sahəsində əməkdaşlığın tarixi və hazırkı səviyyəsinə nəzər salınıb.

Gürcü ictimai xadimin faciəvi vəfatı

Vaxtilə Qarabağ atlarına Gürcüstanın ictimai xadimləri arasında böyük rəğbət olub. Həmin xadimlərdən biri romantik şair, Rusiya imperator ordusunun general-leytenantı Aleksandr Çavçavadzedir (1786-1846). Onun 60 yaşında faciəvi vəfatı da məhz bu atla əlaqəlidir.

Aleksandr Çavçavadze

Gürcü yazıçı-publisist İona Meunargiyanın araşdırmasından bir hissəyə nəzər salaq:

“Arabaçı biryerlik faytona gözəl Qarabağ atını qoşur. Aleksandr Çavçavadze faytonla Tiflisin Qolovin prospektinə doğru hərəkət edir. Prospektə yaxınlaşan zaman bir qadın qəfil əlində sabunlu su ilə küçəyə çıxır və suyu küçəyə atır. Bu an araba qadınla az qala toqquşsun. At qorxur və başını faytonçunun əlindən çıxara bilir. Qorxmuş faytonçu Aleksandra tərəf qışqırır: “Knyaz, atı saxlaya bilmirəm, özünüzü xilas edin”. Aleksandr isə faytonçuya kömək etməyə çalışır. O, yüyənə əlini uzatmaq üçün ayağa durur. Elə bu zaman uzun şinelinin sağ ətəyi təkərə ilişir və Aleksandr yerə yıxılaraq başından zədə alır. Bu zədə onun üçün ölümcül olur. Səhəri gün – 1846-cı ilin noyabrın 6-da vəfat edir”.

Bu hadisənin baş verdiyi o zamankı David küçəsi 1846-cı ildən Aleksandr Çavçavadzenin adını daşıyır.

Gürcülərin qiymətli Qarabağ atları

Tiflisdə tez-tez olan Rusiya şairi və yazıçısı Mixail Lermontov da xatirələrində Qarabağ atlarından bəhs edib:

“Nijeqorodsk vilayətindən olanlar Tsinandaliyə gələn kimi Aleksandr Çavçavadzenin evi qonaqlarla dolardı. Atlara minərdilər, at yarışları və atışlar olardı. Həm ruslar, həm də gürcülər silahları ilə öyünərdilər. Demək olar hər birinin qılıncaoxşar xəncəri və qılıncı, qayışa bərkidilmiş tapançası və çiynində tüfəngi olardı. Nijeqorodskluların Kabardin atları, gürcülərin isə qiymətli Qarabağ atları vardı”.

Zaqafqaziyada Qarabağ atlarının şöhrəti

Araşdırma zamanı qarşıya çıxan Tbilisidə dərc olunan “Qafqaz” qəzetinin 26 oktyabr 1890-cı il tarixli sayında Zaqafqaziyada atçılıq mövzusunda dərc olunan məqalədə bölgədə şöhrətli at cinsləri barədə söz açılıb.

Qeyd olunub ki, Zaqafqaziyada xüsusən Qarabağ atları şöhrət qazanıb, onlar qızılı rəngi və gözəl formaları ilə seçilir.

Məqalədə digər maraqlı məqam Zaqafqaziyanın müxtəlif qəzalarında atların satış qiymətləridir. Məlum olur ki, o dövrdə ən bahalı atlar Bakı qəzasında olub. Bir at üçün qiymət 20 – 300 rubl arasında dəyişirdi.

İmperator qızına hədiyyə Qarabağ atı

Araşdırma zamanı Gürcüstanın Milli Parlament Kitabxanasının arxivində saxlanılan Qarabağ atlarının yer aldığı iki fotoşəkil qarşıya çıxıb. 1892-ci ilin mayına aid olan fotoşəkillərdən birinin üzərindəki yazıya əsasən Qarabağ atı və yorğa at knyaz Sisianov və Eristovun knyaginya, imperator III Aleksandrın qızı, imperator II Nikolayın bacısı Kseniya Aleksandrovnaya Mtsxeta şəhərində təqdim edilən hədiyyələridir.

Sovet dövründə Tbilisi ippodromu üçün alınan Qarabağ atları

Qarabağ atları Gürcüstanda sovet illərində də populyarlığını itirməyib. Onlardan vaxtilə Tbilisi ippodromu nəzdində yaradılmış sağlamlaşdırma məntəqəsində istifadə edilib. Bu barədə “Lelo” qəzetinin 4 mart 1982-ci il tarixli sayında yazılıb:

“Paytaxt ippodromunda sağlamlaşdırma məntəqəsi yaradılıb. Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsi və Gürcüstan SSR-nin Nazirlər Şurasının 10 dekabr 1980-ci il tarixli “Gürcüstan Respublikasında at idmanı, atçılıq və turizmin inkişafı üzrə tədbirlər haqqında” qərarı reabilitasiya işlərinin təkmilləşdirilməsinə kömək etdi. Sərəncama əsasən Tbilisi Dövlət İppodromuna 6 hektarlıq sahə ayrıldı və at turizmi bazası layihələndirildi. Borjomidə ayrılan böyük sahədə gələcəkdə 100 atlıq tövlə, açıq pəyə və müxtəlif lazımi anbarların olacağı at-turizm mərkəzi salınacaq. Qərarın səmərəli nəticəsi olaraq ötən il sağlamlaşdırma məntəqəsi üçün 17 Tuşeti və Qarabağ atları almışıq”.

Gürcü milli at cinsi ilə cütləşdirməyə cəhd

Gürcüstanda Qarabağ atlarının keçmiş şöhrəti, atçılıq sahəsinin hazırkı vəziyyəti, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə ətraflı məlumat əldə etmək məqsədilə Tbilisi ippodromuna baş çəkirik.

Tbilisi cıdır meydanı şəhərin kənarında, Lisi gölü yaxınlığında yerləşir. 2012-ci ildən fəaliyyət göstərən MMC statuslu müəssisənin sahəsi təxminən 20 hektar təşkil edir. Buradakı dörd tövlədə 100-ə yaxın at saxlanılır. Onların arasında “Atmaşka” adlı Ukrayna atı da var. O, 2019-cu ildə Tbilisidə keçirilən at yarışında Qafqaz üzrə çempion adını qazanıb. “Atmaşka” Bakıda keçirilmiş at yarışlarında da çaparla məharətini dəfələrlə nümayiş etdirib və Tbilisiyə mükafatlarla dönüb. İppodromun ən kiçik sakini “Tristan” və “İzolda” adlı ponilərin “Trida” adlı 1 yaşlı balasıdır.

Qeyd edək ki, keçmiş Tbilisi ippodromu daha böyük sahəyə malik olub. Hələ XII əsrdə açılan cıdır meydanı şəhərin indiki Saburtalo rayonunda yerləşib, 1998-ci ildə 570 hektarlıq sahəni əhatə edib. Təxminən 40 hektarlıq keçmiş ippodromun ərazisində Tbilisinin mərkəzi parkının salınması planlaşdırılır.

İppodromda Gürcüstanın atçılıq sahəsində ən təcrübəli mütəxəssis Viktor Qoqlidze ilə həmsöhbət oluruq. O, Qarabağ atları ilə yanaşı Dilbaz atlarını da yüksək qiymətləndirdiyini bildirib. Hər ikisinin yaxşı və yüngül olduğunu qeyd edən V.Qoqlidze atsürən kimi Dilbaz atına daha çox üstünlük verdiyini deyib.

Aparıcı mütəxəssis qeyd edib ki, vaxtilə Gürcüstanda at sürənlərin Qarabağ atları olub: “Ana tərəfdən qohumlarım arasında da at sürənlər olub. Onlar keçmiş Didube ippodromunda Qarabağ atları sürərdilər”.

Müsahibimiz bir maraqlı faktı da diqqətimizə çatdırır. Onun sözlərində görə, 1980-ci illərdə Gürcüstana olduqca yaxşı Qarabağ atları gətirilib və məqsəd milli Tuşeti at cinsinin bərpası idi: “Qarabağ və Tuşeti dağ atlarının cütləşdirilməsinə cəhd oldu, lakin qeyri-peşəkar yanaşma səbəbindən nəticə əldə olunmadı”.

Tuşeti atı

Azərbaycan və Gürcüstanın milli at cinslərinin cütləşdirilməsi üçün yeni cəhdin mümkünlüyü ilə bağlı suala cavabında V.Qoqlidze bunu istisna etməyib: “Yeni cəhd əlbəttə mümkündür. Bunun üçün ən əsas məsələ xoş iradə və zərurilikdir. Hazırda bu məsələnin istər Gürcüstan, istərsə də Azərbaycan üçün mühüm məsələ olduğunu deyə bilmərəm”.

“Azərbaycanla əməkdaşlığa üstünlük veririk”

Mütəxəssis atçılıq sahəsində iki ölkə arasında mövcud olmuş və hazırkı əlaqələrdən də söz açıb. O, seleksiya baxımından Gürcüstanın Azərbaycanla vaxtilə sıx əməkdaşlığının olduğunu bildirib: “Biz vaxtilə ümumi “stud book”a (damazlıq kitabı) daxil idik. Sovet ittifaqının “stud book”u vardı, Azərbaycan özünün damazlıq kitabını formalaşdırmağa nail oldu. Bu, irəliyə atılmış böyük addım idi. Biz də Azərbaycanın jokey klubuna daxil olmağa çalışdıq. Müəyyən addımlar atıldı, lakin nəticədə heç nəyə nail olunmadı. Gürcüstanın milli “stud book”u ilə bağlı məsələ hələ də həllini tapmayıb. Hazırkı mərhələdə biz Rusiya ilə deyil, Azərbaycanla əməkdaşlığa üstünlük veririk”.

V.Qoqlidze seleksiya sahəsində Gürcüstan üçün Azərbaycanla əməkdaşlığın davam etdirilməsini vacib hesab edir: “Ümumdünya Genetik Banka bizim məlumatlar Azərbaycan vasitəsilə təqdim olunur. Bu əməkdaşlıq davam etdirilir, lakin bizim üçün arzuolunan səviyyədə deyil”.

Cəmilə Babayeva