Azərbaycandakı gürcü teatrı Tbilisidə tamaşa göstərib

Azərbaycanda fəaliyyət göstərən İlya Çavçavadze adına Qax Dövlət Gürcü Dram Teatrı Tbilisidə “Düşmüş mələyin son sığınacağı” adlı tamaşa ilə çıxış edib.

Aziz.ge xəbər verir ki, tamaşa Rustaveli Milli Teatrının eksperimental səhnəsində təqdim olunub.

Tədbirdə Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani, Qax Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova, gürcü teatr xadimləri iştirak ediblər.

Gürcüstanın Mədəniyyət Nazirliyindən bildirilib ki, teatr Tbilisidə qastrol səfərindədir. Nazirliyin dəstəyi ilə təşkil olunmuş səfər çərçivəsində truppa ilk olaraq “Ağıl karvanı” tamaşasını göstərib.

Nazirliyin layihəsi əsasında Tbilisidən olan mütəxəssislər Qax Dövlət Gürcü Dram Teatrında aktyorluq, nitq, vokal, plastika və digər mövzular üzrə ustad dərsləri keçəcəklər.

“Qax Dövlət Gürcü Dram Teatrının təbliği və dəstəklənməsi olduqca vacibdir. Teatr tamaşaları gürcü dilində təqdim edir, eyni zamanda gürcü mədəniyyətinin təbliğatını aparır”, – Nazirliyin məlumatında qeyd olunub.