Tbilisinin ən qədim qalası, şəhərin üzərində əzəmət və qürurla ucalan Narınqalanın (gürcücə Narikala) bərpasının ikinci mərhələsi həyata keçirilir.
İlk mərhələ 2017-2018-ci illəri əhatə edib. Hazırkı layihə çərçivəsində qalanın həyəti və xarici perimetri bərpa olunacaq, bədii-dekorativ işıqlandırma quraşdırılacaq.
Reabilitasiya işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Tbilisinin rəmzlərindən olan Narınqala Gürcüstanın ən tanınan abidələrindən biridir, şəhərin mərkəzində turistlərin ən çox ziyarət etdiyi məkandır. Qalanı “Tbilisinin ruhu və ürəyi” də adlandırılır. Qalanın əsasının qoyulması ilə bağlı dəqiq tarix məlum olmasa da, salnamələrə əsasən abidə IV əsrdən mövcuddur.
Kiçik qala
Gürcü mənbələrinə əsasən, Narınqalanın ilk adı “Kala” olub və Tiflisdə şəhər əhalisinin formalaşmasından sonra ucaldılıb. Qalanın digər adı “Şuris tsixe” (həsəd qalası) olub. Abidə dəfələrlə dağıntılara, düzəlişlərə və bərpalara məruz qalıb. Gürcüstanda Narınqala adlandırılan qalalar az deyil. Gürcü mənblərində Narınqala sözünün mənası “kiçik qala” və yaxud “alınmaz qala” kimi izah edilir.
Bəzi mənbələrdə bildirilir ki, Narınqala İpək yolu üzərində hərbi baza olub. Qala şəhəri qorumaqdan ötrü yox, qarnizonun və müsəlman hakimlərin müdafiəsi üçün nəzərdə tutulmuşdu.
Şahın taxtı
Vaxtilə Narınqaladan Kür çayına doğru ikinci divar uzanırdı və qalanı qərbdən möhkəm qala müdafiə edirdi. Həmin qala “Şaxis taxti” (Şahın taxtı) adlandırılırdı. Narınqala və “Şaxis taxti”ni divar birləşdirirdi. VII-IX əsrlərdə “Şaxis taxti”də rəsədxana yerləşirdi. Gürcü alimlər bu rəsadxanada göy cisimlərini müşahidə və tədqiq edərdilər.
“Həsəd qalası”, Təbriz və İstanbul bürcləri
XVII əsrin ortalarına qədər istehkam Tiflisin əsas siyasi-inzibati mərkəzi olub. Burada çar sarayı, kilsə və digər tikililər olub. XVIII əsrin II yarısında Narınqalada ən önəmli hərbi tikililər yerləşib. Narınqalanın özü də qala divarları ilə əhatələnmişdi. Burada artilleriya silahlarının anbarı da yerləşib. Qalanın bürclərinin birinin adı “Təbriz” olub və bu bürcdə barıt və su anbarı yerləşib.
Bir əfsanəyə əsasən, “Şuris tsixe” (həsəd qalası) Mtsxeta qalasına qarşı qoymaq üçün iranlılar tərəfindən inşa olunub və adı da bununla əlaqəlidir.
Tbilisi üzrə araşdırmaçı, publisist, tərcüməçi Mirzə Məmmədoğlunun “Qədim Tiflis” kitabından (2009) məlum olur ki, Narınqalanın İstanbul bürcü də olub:
“Tiflis Narınqalası əlçatmaz yer idi. Bunu bir çox amillər sübut edir. Dağlıq, təpəlik relyefdə yerləşmiş qala tikililəri mürəkkəb sistem yaradırdı. Narınqalanın bürcləri arasında “Təbriz” və “İstanbul” bürcləri daha çox fərqlənirdi. Bu hər iki ad qədim dövrün adlarıdır. Bu adlar da göründüyü kimi, türklər və iranlılarla əlaqədardır”.
Kitaba əsasən, İstanbul bürcü tarixi mənbələrdə xatırlanır: “1673-cü ildə Tiflisə gələn fransız səyyahı Jan Şarden məlumat verir ki, bu bürcü 1576-cı ildə osmanlılar ucaltmışlar. Göründüyü kimi, doğrudan da osmanlılar onun yenidən qurulmasında, ucaldılmasında müəyyən əmək sərf etmişlər. Elə bürcün belə adlandırılmasını bununla izah etmək olar”.
Elə həmin nəşrdə qeyd edilib ki, Narınqalanın adlarından biri İsgəndər olub: “Qriqor Zardaişvili yazır: “Tiflisin müsəlman əhalisi Narınqalanı İsgəndər qalası adlandırırdı”. Bu adın Makedoniyalı İsgəndərin adı ilə bağlı olduğu vurğulanıb.