Nikoloz Barataşvili (1817-1845) Gürcüstan poeziyasında Şota Rustavelidən sonra ikinci görkəmli şair hesab olunmaqla yanaşı, gürcü xalqının mənəvi sərvətidir.
Çətin taleli, cəmi 28 il ömür yaşamış romantik şair və tərcüməçinin həyatı Azərbaycanla bağlı olub. O, ilk şeirini 17 yaşında, son şeirini isə 28 yaşında qələmə alıb. Şairin şəxsi həyatı faciəli və keşməkeşli olsa da, yaradıcılığı böyük inam və ümidlə dolu olub.
N.Barataşvili yalnız vəfatından uzun illər sonra Gürcüstanın ən tanınmış şairlərindən birinə çevrilib. O, 40-a yaxın şeir və “Gürcüstanın telaeyi” adlı tarixi poema ilə gürcü ədəbiyyatının xəzinəsini zənginləşdirib.
Şairin ən məşhur şeiri “Merani” (“Qanadlı at”) adlanır. Müəllif poeziya nümunəsində gələcəyə, tərəqqiyə və azadlığa inamını ifadə edib:
Uç, Merani! İrəli uç! Bu uçuşun həddi yoxdur,
Qara fikri başından at, qoy küləklər alıb getsin,
Yox, faydasız olmayacaq bu arzular, bilirəm mən,
Bu açdığım çətin yollar, ey Meranim, bir vaxt qalar.
Məndən sonra gələn dosta bu çətin yol asan olar,
Xilas edər atı onu bu taleyin pəncəsindən!
Dilarə Əliyevanın müəllifi olduğu “Ürək bir, dilək bir” kitabında (Bakı, 1981) Nikoloz Barataşvilinin Azərbaycanda keçirdiyi illəri haqqında ətraflı söz açılıb. Həmin hissəni ixtisarla təqdim edirik.
Şair Azərbaycan dilini, şeir və musiqisini uşaqlıqdan sevirdi
Azərbaycan xalqı üçün N. Barataşvilinin şəxsiyyəti və yaradıcılığı çox maraqlıdır. Bu böyük gürcü şairi ömrünün son illərini Azərbaycanda keçirmişdir. O, əvvəl Naxçıvanda, sonra Gəncədə mahal rəisi yanında məmur vəzifəsində işləmişdir. Şair Azərbaycan dilini, şeir və musiqisini uşaqlıqdan sevirdi.
Şairin atası Meliton Barataşvili Qafqaz çanişini Yermolovun yanında işləyirdi. Azərbaycan dilini bildiyindən tez-tez Azərbaycan rayonlarına gedirdi. Şeir həvəskarı olan Meliton xanəndə Allahverdi ilə dostluq edirdi. Allahverdi tez-tez Barataşviligilə gəlir, öz nəğmələri ilə bu ailənin şənlik məclislərini rövnəqləndirirdi. Beləliklə, N.Barataşvili hələ uşaqlıqdan Azərbaycan nəğmələrini eşitmiş və sevmişdi.
Barataşvilinin azərbaycanlı xanəndə ilə dostluğu
Barataşvili də öz növbəsində o dövrdə Tiflisdə məşhur olan digər xanəndə ilə – Səttarla dostluq edir və onun istedadını yüksək qiymətləndirirdi. Səttar yalnız Azərbaycan mahnılarının deyil, eyni zamanda erməni, gürcü nəğmələrinin də mahir ifaçısı kimi tanınır, Tiflisdə təşkil edilən açıq konsertlərdə iştirak edirdi. Onun haqqında “Qafqaz” qəzetində verilmiş bir elanda oxuyuruq: “Konsertdə Tiflis xalq musiqisinin tam sahibi, bizim asiyalı xanəndəmiz Səttar da iştirak edir. Səttarın nəğməsində musiqi notlarına salmaq çətin olan səs cəh-cəhlərinə (zəngulələrə) əsaslanan nəsə bir təbii məlahət, lətafət vardır”.
Barataşvililərin evi bir növ ədəbi-musiqi salonu idi. Şairin bacısı Barbara Vezirişvili yazırdı ki, Nikoloz nəğmə və musiqini çox sevirdi, onun hər bir məclisində Səttar iştirak edirdi. “Barataşvilinin evində müxtəlif musiqi alətləri var idi: dayra, diplipito, tar, tütək, çianuri və s. Niko özü çalmaq bilmirdi, ancaq musiqi və nəğməni çox sevirdi. O, həmişə öz kədərini gizlədir, şən görünürdü. Hər şənlik məclisinə Səttarı gətirirdi”. 1844-cü ildə Zaxari Orbelianiyə yazdığı bir məktubda Nikoloz bir toy məclisini belə təsvir edir: “…Zurna səsləri, Səttarın oxuması (o bizimləydi), tüfəng atəşfəşanlığı, izdiham, hay-küy! Bütün bunlar birləşib fövqəladə bir mənzərə yaratmışdı”.
Qeyd edək ki, N.Barataşvilinin Tbilisidəki ev-muzeyində eskponatlar arasında tar, qaval və tütək də yer alıb. Adı çəkilən xanəndə Allahverdi Nəriman Nərimanovun ulu babası olub, Tiflisdə məşhur musiqiçi və ifaçı kimi tanınıb.
(Ardı var)