Gürcüstanın Azərbaycandakı ilk səfiri – Repressiya qurbanı Nikoloz Kartsivadze

Nikoloz Kartsivadze Gürcüstanın Azərbaycandakı ilk səfiri kimi tarixə düşüb. Gürcüstan mənbələrinə əsasən onun tərcümeyi-halını təqdim edirik.

Gürcüstanın ictimai-siyasi xadimi N.Kartsivadze 1884-cü ildə, bəzi mənbələrə görə 1882-ci ildə Ozurgeti şəhərində anadan olub. İlk təhsilini Ozurgeti şəhər məktəbi və Kutaisi klassik gimnaziyasında alıb.

Nikoloz Kartsivadze

İxtisasca hüquqşünas olub, Cenevrədə, bəzi mənbələrə görə isə Rusiyada ali təhsil alıb. 1904-cü ildən Gürcüstan Sosial-Demokrat Partiyasının üzvü olub, Gürcüstanın Milli Şurasına (1917-1918) üzv seçilib. 1918-ci ilin oktyabrında Bakıda fəaliyyətə başlayan Gürcüstan Respublikasının Bakıdakı diplomatik nümayəndəliyinə başçılıq edib.

Bəzi mənbələrə əsasən, N.Kartsivadze Gürcülər arasında maarifin yayılması Cəmiyyətinin Bakı şöbəsinin həqiqi üzvü də olub.

1920-ci ildə Gürcüstan xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Sovet işğalından sonra (1921) Gürcüstanın Azadlıq Komitəsinin üzvü və sədri olub. 1922 və 1923-cü ildə həbs edilib, 1934-cü ilədək sürgündə olub və cəzasını çəkdikdən sonra vətənə qayıdıb.

1925-ci ildən partiyasız olan N.Kartsivadze 1937-ci ildə yenidən həbsə alınıb. Həmin dövrdə o, Gürcüstan SSR Xalq Yerli Sənaye Komissarlığının plan sektorunun baş iqtisadçısı vəzifəsində çalışırdı.

N. Kartsivadze Gürcüstan Menşevik Partiyasının fəal üzvlərindən və liderlərindən biri olmaqda, silahlı üsyanın hazırlanmasında iştirakda ittiham edilib.

Nikoloz Kartsivadze

SSRİ Ali Məhkəməsinin 9 iyul 1937-ci il tarixli xüsusi iclasının qərarı ilə güllələnməyə məhkum edilib. Qərar elə həmin gün icra olunub. Həyat yoldaşı Tamar Şaraşidze Mərkəzi Asiyaya sürgünə göndərilib.

N.Kartsivadze 1958-ci ilin dekabrında bəraət alıb.