Aleksandr Roinaşvili (1846-1898) gürcüəsilli ilk peşəkar fotoqrafdır. O, 14 yaşında ikən fotoqraf F.Xlamovun emalatxanasında köməkçi kimi çalışmağa başlayıb və tezliklə onun “sağ əlinə” çevrilib. Müəyyən müddətdən sonra müəllimindən hədiyyə olaraq aparatura alıb.
F.Xlamovun köməyi sayəsində Roinaşvili “Sasuratxato” adlı şəxsi emalatxana açır. Emalatxana qısa vaxt ərzində gürcü ziyalıların görüş yerinə çevrilir. Burada yazıçılar, ictimai xadimlər, aktyorlar toplaşır. Emalatxananın divarları arasında Gürcüstan ədəbiyyatının sütunları – İlya Çavçavadze, Akaki Tsereteli, Vaja Pşavela və digərlərinin portretləri yaranır.
A.Roinaşvilinin həyatı evlənəndən sonra kəskin dəyişir. O, həyat yoldaşı ilə arası kəsilməyən mübahisələr yaşayır. Bəzi məlumatlara əsasən, xanımı A.Roinaşvilinin fotoqrafiyaya sevgisini bölüşmürdü və onun köməyə ehtiyacı olan dostlarına səxavətini tənqid edirdi. O, nəticədə həyat yoldaşından uzaqlaşır, Dağıstana gedir və sevimli işi ilə məşğul olur. Fotoşəkillər çəkməklə yanaşı A.Roinaşvili köhnə məişət əşyaları da toplayır.
Onun çəkdiyi imam Şamilin oğulları ilə birgə portreti də bu dövrə aiddir.
Fotoqraf səkkiz ildən sonra Gürcüstana qayıdır. Yolda səyyar muzey yaradır və dayanacaqlar edərək topladığı köhnə əşyaları sərgiləyir, çəkdiyi Qafqaz təbiəti və insanlarının şəkillərini göstərir. O, səyyar kolleksiyasını daima zənginləşdirir. Saratova yollanır və burada “Qafqaz səyyar muzeyinin kataloqu”nu nəşr etdirir. Nəşrdə 800 ədəd məişət əşyası və sikkə yer alır. A.Roinaşvili oradan Sankt-Peterburqa, daha sonra isə Moskvaya gedir.
1893-cü ilin aprelində Roinaşvilinin emalatxanasında Gürcüstanın Həvəskar Fotoqraflar Cəmiyyətinin ilk toplantısı keçirilir.
1897-ci ilin aprelin 23-də bu cəmiyyətin təşkil etdiyi ilk genişmiqyaslı sərgi baş tutur. Tədbir Qolovin prospektindəki (indiki Rustaveli prospekti) Hərbi muzeyin binasında (hazırkı Rəsm qalereyası) keçirilir.
A.Roinaşvili yalnız səyyar muzey yaratmış ilk peşəkar gürcü fotoqraf deyildi. O, ilkin olaraq 17 şagirdin təhsil aldığı gürcü fotoqrafiya məktəbini yaradıb. Fotoqraf gəncləri təmənnasız olaraq qida və geyimlə də təmin edirdi.
A.Roinaşvili 52 yaşında dünyasını dəyişib. Vəfatından bir neçə il öncə o, bütün zəngin mirasını üzvü olduğu Gürcülər arasında maarifin yayılması Cəmiyyətinə vəsiyyət edir.
Fotoqrafın ölümündən sonra cəmiyyət maliyyə problemlərinə görə “Sasuratxato”nu icarəyə verir. Həm emalatxana, həm də toplanmış eksponatlar tədricədn yararsız vəziyyətə düşür. Buna görə də cəmiyyətin rəhbərliyi A.Roinaşvilinin bütün arxivini tanınmış tiflisli fotoqraf Dmitri Yermakova vermək barədə qərar qəbul edir.
Gürcüstanda A.Roinaşvilinin irsi müxtəlif muzey və arxivlərdə saxlanılır, əsas hissəsi Gürcüstan Milli Parlament Kitabxanasında qorunur.
Kitabxananın arxivində A. Roinaşvilinin Bakıda çəkdiyi fotoşəkillərə də rast gəlinir. Fotoşəkillərdə Balaxanının neft buruqları, Bibiheybətdə neft fontanı, Bakının ümumi mənzərələri və s. əks olunub.
Həmin fotoşəkilləri təqdim edirik: