Əlimərdan bəy Topçubaşovun Tbilisidəki evi – Ermənilərin yandırdığı mülk hazırda mövcuddurmu?

Bu gün Azərbaycanın görkəmli siyasi xadimlərindən və diplomatlarından biri olan Əlimərdan bəy Topçubaşovun anadan olmasından 161 il ötür. O, 1863-cü ilin mayın 4-də Tiflisdə anadan olub, ilk təhsilini bu şəhərdə müsəlman mədrəsəsində alıb, daha sonra Tiflis I Klassik Gimnaziyasını xüsusi göstəricilərlə bitirib.

Əlimərdan bəy Topçubaşov

Peterburq İmperator Universitetini bitirəndən sonra Topçubaşov Tiflisə dönüb və burada hakim köməkçisi, məhkəmə katibi və müstəntiq vəzifələrində çalışıb.

Ə.Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətində II xarici işlər naziri, ilk parlament sədri olub.

Görkəmli diplomat 33 yaşında Tiflisdən Bakıya köçdükdən sonra belə doğma şəhərdəki ata mülkündən imtina etməyib və evi öz adında saxlayıb. Bu barədə Fəxri Hacıyev Valehoğlunun “Tiflisin 1905-1919-cu illər gürcüdilli və rusdilli mətbuatında Ə.Topçubaşovun siyasi-ictimai fəaliyyətinə dair” adlı məqaləsində qeyd olunub.

Müəllifin yazdığına görə, həmin ev 1905-ci ilin noyabr ayında erməni millətçiləri tərəfindən yandırılıb:

“Gürcüstan Milli Tarix Arxivində Tiflis quberniyasının jandarm idarəsinin fondunda saxlanılan “Daşnaksutyun” inqilabi partiyasının Şərq bürosu haqqında (1907-1912-ci illər)”  («О Восточном бюро революционной партии «Дашнакцутюн» (1907-1912 rr)») adlı qovluqdan Ə.Topçubaşovun Tiflisdəki evinin Narınqalanın girəcəyində, Petxain küçəsi 28 (indiki Betlem küçəsi) ünvanında yerləşdiyi aşkar olur”.

F.H.Valehoğlunun müəllifi olduğu “Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları” (Bakı-2013) adlı kitabından məlum olur ki, 1905-ci ilin noyabr ayında ermənilərin Tiflisdə törətdikləri qırğın və təxribatlar nəticəsində Vorontsov küçəsində yunan kilsəsinin iç hissəsi də yanıb.

Kilsə ərazisində törədilmiş yanğını əks etdirən fotoşəkillərə Gürcüstan Milli Parlament Kitabxanasının arxivində rast gəlinir. Fotomaterialların müəllifi tanınmış tiflisli fotoqraf Dmitri Yermakovdur.

Tbilisinin köhnə hissəsindəki hazırkı Betlemi küçəsi bu adı 1990-cı ildən daşıyır. 1923-cü ildən isə küçənin adı Məşədi Əzizbəyov küçəsi olub. 2012-2013-cü illərdə küçə yenidən qurulub, burada yerləşən köhnə tikililər də bərpa edilib.   

Betlemi küçəsi 28 ünvanında hazırda qədim üçmərtəbəli ev yerləşir. Küçədə nömrələmə dəyişdirilməyibsə, 28 saylı evin vaxtilə Ə.Topçubaşova məxsus ata mülkü olduğunu söyləmək olar. Böyük ehtimal ki, Ə.Topçubaşov ata-baba mülkünü ermənilərin törətdiyi yanğından sonra bərpa etdirib.

Tarixi tikilidə, xüsusən də üçüncü mərtəbədəki eyvanda şərq memarlığına xas elementləri görmək mümkündür. Evin ilk mərtəbəsində hostel fəaliyyət göstərir, ikinci və üçüncü mərtəbələrində isə fərdi yaşayış evləri yerləşir.

Burada Topçubaşov soyadının mənşəyinin də məhz Tiflislə bağlı olduğunu qeyd etmək yerinə düşər. Müəllifi Cəmil Həsənli olan “Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” (Bakı-2013) kitabında yazılıb ki, Ə.Topçubaşovun adını daşıdığı ulu babası Əlimərdan bəy gürcü çarları II İrakli və XII Giorginin sarayında xidmət edib:

“Babası Əlimərdan bəyin bir neçə il gürcü çarının sarayında yüksək dövlət qulluğunda xidmət etdiyinə, topçu alayının rəisi və Kürün sağ sahilində çar sarayının yerləşdiyi qalanın komendantı olduğuna sonralar Əlimərdan bəy Topçubaşov Parisdə yazdığı öz bioqrafiyalarında toxunmuşdur. Bu qala hələ VIII əsrdə ərəblər tərəfindən tikilmişdi və onun sonuncu rəisi Əlimərdan bəy (ulu babası) olmuşdu. Əslində, bu nəslin Topçubaşov soyadı daşıması da elə buradan qaynaqlanır”.

Betlemi küçəsi Narınqala yaxınlığında yerləşir və bu küçədəki evin Ə.Topçubaşovun həm də baba yurdu olduğu məlum olur.

Yuxarıda VIII əsrdə tikildiyi vurğulanan qalanın Narınqala olduğunu söyləmək olar. Vaxtilə qala divarlarının arasında çar sarayı da yerləşib. “Ə.Topçubaşovun babası Mirzə Cəfər öz xatirələrində qeyd edirdi ki, onların ailəsi Tiflisdə çar sarayının yanındakı tikililərdən birində yaşayırdı”. (“Tarixi şəxsiyyətin tarixi: Əlimərdan bəy Topçubaşov” kitabından)

Narınqala

Betlemi küçəsi 28 ünvanındakı hazırkı evin Ə.Topçubaşovun ata-baba mülkü olduğu arxiv sənədlərlə tam təsdiqlənərsə, görkəmli azərbaycanlının doğulub boya-başa çatdığı  şəhərdə xatirəsini əbədiləşdirmək mümkün olar. Tikiliyə xatirə lövhəsinin vurulması həm də Gürcüstan tərəfinin gürcü çarlarına sadiqliklə xidmət göstərmiş Ə.Topçubaşovun ulu babası Əlimərdan bəyin xatirəsinə ehtiram göstəricisi olar.

Xatırladaq ki, Ə.Topçubaşov mühacirət etdiyi Parisdə 1934-cü ildə vəfat edib, məzarı Sen Klu qəbirstanlığında yerləşir. Parisdə onun yaşadığı evə xatirə lövhəsi vurulub.

Topçubaşovun məzarı
Topçubaşovun 1920-ci ildə Parisin Dekamp küçəsində yaşadığı binanın üzərindəki xatirə lövhəsi