Azərbaycanın istiqlal şairi adlandırılan Əhməd Cavadın (1892-1937) bu gün anadan olmasından 132 il ötür. Azərbaycanın dövlət himninin sözlərinin müəllifi olan şairin dilimizə çevridiyi əsərlər arasında gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poeması xüsusi yer tutur.
Məlum olduğu kimi, Ə.Cavad böyük fasilələrlə də olsa, Gürcüstanda yaşamış, ailə üzvlərilə birlikdə istirahətini çox vaxt bu diyarda keçirmiş, qonşu xalqın yaradıcı ziyalıları ilə dostluq etmişdir.
Şair 1929-cu ildə qələmə aldığı “Gürcüstan”, 1935-ci ildə məşhur səhnə ustası Y.Orbelianiyə həsr etdiyi eyni adlı şeirində Gürcüstan təbiətinin gözəlliyini, gürcü dostlarını səmimi duyğularla vəsf edib.
Həmin şeirləri təqdim edirik:
Gürcüstan
Mən ömrümün ən canlı,
Ən çılğın çağlarında:
Dolaşdım Gürcüstanın,
Mamırlı dağlarında.
Seyrə çıxdım ilk əvvəl,
Tiflisin yanlarında;
Dedilər ki: «Durma gəl,
Suram ormanlarında.
Qadın bir hökmüdarın,
Mazğallı bir bürcü var;
Bu izsiz ormanların,
Hər yerində gürcü var.
Qarşılar səni qatso,
Şən və güləş üzüylə.
İçərsən bir içim su,
Gürcülərin özüylə.
Çıxdım mən də yuxarı,
Baxaraq çılğın Kürə;
Çıxdım dağlara sarı,
Dost üzlər görə-görə.
Ruhum çiçəklər dərdi,
Nə həddi, nə hesabı;
Dadlı bir nəşə verdi,
Kaxetyanın şərabı.
Axşamladıq bir dəfə,
Rion çayı boyunda;
Əyləndim baxdım kefə,
Gürcülərin toyunda.
Yaxşı yadımda qalmış,
Gah atlı, ka piyada;
Üç ay qədər, bütün qış
Gəzdim Minqrelyada.
Görən bilir Gürcüstan,
Yosunlu bir diyardır;
Gürcüstanın can alan
Gözəllikləri vardır.
O zaman mən gəzərkən,
Gürcüstan torpağında;
Qanlı bir ləkə gördüm
Çarlığın bayrağında.
Sorunca gürcülərdən,
O sirrin mənasını,
Açdılar mənə birdən,
Məmləkətin yasını.
Rion hayqırdı durdu,
Belə insanlıq olmaz;
Əcəl baxtını qurdu,
“Ağlayan çox, gülən az!”
Aradan keçdi illər,
Çarın söndü çırağı.
Darix etdi dərbədər,
O qanlı təmtarağı.
O günlər gördum bir də
Həmayilli Tiflisi;
İndi baxdım hər yerdə,
Qayğısız yarın səsi.
İndi al bayrağında,
Nə ləkə, nə pas vardır;
Gürcüstan torpağında,
Nə matəm, nə yas vardır.
Baxdım həmən Gürcüstan,
İndi çox başqalaşmış;
Dinccə axan bir sudan
İldırımlar çaxnaşmış.
Qayaların koğuşuna
Sığınmış ildırımlar;
Dağların yoxuşuna,
Dırmaşan işıqlar var…
Özüm gördüm Zemavçal,
İşıq salır dörd yana;
Uğurlu başqa bir hal,
Gəlmişdir Gürcüstana.
Y. P. Orbeliani
Altun gəncliyimin dəyərli dostu,
Ay gözəl Yelena, xanım Yelena!
Vəfasız deyiləm, ölüncəyodək,
Hazıram başına dönüm, Yelena!
Neyləyim ki, fələk çox yaman sıxdı,
Onsuz da viranə qəlbimi yıxdı.
Dostlarımın çoxu vəfasız çıxdı,
Heyrətdə qurudu qanım, Yelena!
Gürcüstan qəşəngdir, buna yox sözüm,
Gəzərkən yurdunda sevinir gözüm.
Gürcü yaxşı dostdur görmüşəm özüm,
Onlardan birinci canım, Yelena!
Qəlbim kimi qəlbin bilirəm safdır,
Var olsun gözlərin yaxşı sərrafdır!
Deyənlər var: “dostluq bir quru lafdır”,
Onları insanmı sanım, Yelena!
Doğrudur, dostluqda keçon bu on il,
Sevən bir qəlb üçün çox ömür deyil.
Ancaq mon istərdim, onu yaxşı bil,
Ağarsın tellərin, yanım, Yelena!