1910-cu il oktyabrın 9-da Tiflisdə Rustaveli teatrında Azərbaycan truppası tərəfindən göstərilən “Müsibəti-Fəxrəddin” faciəsi haqqında “Saxalxo qəzeti”ndə “Azərbaycan səhnəsinin tarixi günü” adlı məqalədə deyilirdi:
“Biz qardaşlıq hissi və sevinclə bildiririk ki, müsəlman teatrının tarixi gününü oktyabrın 9-dan hesablayırıq. Çünki bu gün ilk dəfə Səadət xanım rolunda azərbaycanlı qızı Göyərçin oynamışdır. Müsəlman aləmində irəli atılmış bu addım hamını, xüsusən bizi sevindirir. Hələ beş-altı il əvvəl azərbaycanlı qızlar üzü örtülü gəzirdilər. Lakin bu il oktyadrın 9-dan baharın ilk göyərçini səhnəyə gələrək Azərbaycan teatrının yeni dövrünü açdı.
Təsadüfi deyildi ki, birinci pərdədən sonra gənclər əllərində vərəqələr payladılar. Vərəqələrdə yazılmışdı: “Müsəlman səhnəsinin ilk göyərçini Göyərçin xanıma salam!”. Doğrudan da Göyərçin xanım müsəlman səhnəsində ilk göyərçindir. Bundan sonra ikinci, üçüncü, dördüncü də gələcəkdir ki, onlar öz gəlişləri ilə vətənlərinin mədəniyyət baharını yaradacaqlar”.
Göyərçin xanım Tbilisidəki Azərbaycan teatrının və milli səhnəmizin tarixinə ilk qadın aktrisalarından biri kimi daxil olmuş Gövhər Qazıyevadır. Göyərçin onun səhnə təxəllüsü olub. O, 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub. İti yaddaşı, həssas qavrama qabiliyyəti olan Gövhər beş yaşına çatanda atası ona təcrübəli rus dayəsi tutmuşdur. Məktəb yaşı çatanda o, Tiflisdəki rus-türk (rus-tatar) məktəbində təhsil alıb. Azərbaycan, rus və gürcü dillərini mükəmməl bilib. Fars və fransız dillərində də danışıb. Ailəsi Tiflisin kübar təbəqəsində hörmətli və şərəfli olub.
Gövhər Qazıyeva (1887-1960) Tiflis Azərbaycan teatrının tez parlayıb, tez sönən ulduzu olub. O, teatrda 1910-1911-ci illərdə aktirsa kimi fəaliyyət göstərib. Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsinin tamaşasında Səadət xanım obrazı onun teatrda ilk rolu olub.
Göyərçin xanım səhnədən gedəndən sonra da onun barəsində həm pərəstişkarları, həm də mətbuatda mübahisələr uzun müddət səngiməmişdir. Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalı Göyərçin xanımı yad nəzərlərdən qorumağı, onun ətrafında gedən söhbətlərə müdaxilə etməyi özünə rəva bilmişdi. Jurnalın 1911-ci il 29 may tarixli 20-ci sayının üz qabığında Gövhər xanım (Göyərçin) Avropa libasında: başında geniş günlüklü işləməli şlyapa, bir əlində yığılmış çətir, bir əlində çanta küçə ilə gedir. Üç nəfər ifirtə qarı küçədə oturub iyrənc gülüşlərlə: “Üzü açıq, teatrda oynayan və biz müsəlman arvadlarının ismət və abrısını tökən bu adı batmışdı ha!” deyə qeybət edir. Şəklin altında isə yazılmışdır: “Qafqazda ilk müsəlman qadın aktyoru Gövhər xanım (Göyərçin)”.
Göyərçin xanımın ən sevimli obrazları Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsində Gülcahan, Ə. Haqverdiyevin “Bəxtsiz cavan” faciəsində Mehri xanım, Z. Hacıbəyovun “On beş yaşlı arvad” əsərində Çiçək xanım, N. Kamalın “Qara bəla” əsərində Bəhrəvərbanu, Ü. Hacıbəyovun “O olmasın, bu olsun” operettasında Gülnaz və başqaları idi.
G. Qazıyeva İrana görkəmli aktyor və rejissor Mirseyfəddin Kirmanşahlının təhriki ilə getmiş və 1960-cı ildə orada vəfat etmişdir.
Mənbə:
- “Teatr haqqında söhbətlər” (Bakı-2009). Müəllifi Alxan Binnətoğlu
- Unudulmayanlar – V yazı. Ədəbiyyat qəzeti. Müəllifi İlham Rəhimli