Azərbaycan musiqisini sevən Barataşvili, görünür, öz vaxtında bu misiqinin yalnız pərəstişkarı deyil, eyni zamanda bilicisi olmuşdur. Bunu onun Naxçıvandan ailəsinə yazdığı bir məktub da subut edir. Məktubda o, İrandan Tiflisə gəlmiş Cəfər adlı bir xanəndə ilə Səttarın istedadını müqayisə edərək yazır:
“Bu Cəfər haqqında deyilən təriflərdən lap dilxor olmuşam. Kimdən məktub alırsansa hamı ona valeh olduğunu yazır. Necə olur ki, hər şey dərhal sizin ağlınızı başınızdan çıxarır? Yaxşısı budur Cəfər haqqında məndən soruşun: onu İrandan Süleyman xan gətirib gəlib. Onlar iki gün, iki gecə bizdə qaldılar və burada o, özünün bütün repertuarını oxuyub qurtardı. Kim deyir ki, o, Səttardan yaxşıdır? Görünür, lap incə zövq sahiblərimişlər. Mənsə belə deyərdim: O, Səttardan biliklidir, amma Sattarın səsi Allah vergisidir”.
Azərbaycan musiqisinə, Azərbaycan nəğmələrinə olan bu dərin rəğbət hissini şair ömrünün axırına qədər saxlamışdır. O, eyni zamanda Azərbaycan dili və ədəbiyyatına böyük ehtiram hissi bəsləmişdir.
Şairə Qonçabəyim haqqında ilk məlumatı da biz məhz Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelianiyə yazdığı məktubdan öyrənirik: “İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz yaşlı bir qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən çox yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz, gözəl bir romandır”.
Bəlkə də Qonçabəyimin həyatı doğrudan da kədərli bir romanmış. Ancaq Barataşvilini maraqlandıran onun məhz şairə olması idi. Romantik təbiətli şair mənəvi əzab çəkən şairəni görmüş və onun taleyi ilə maraqlanmışdır: “Öz şeirlərində o öz halına ağlayır. Bir yerdə belə deyir: “Mənim gözəl bağçam, gəlib sənin qoynunda fəvvarə və güllərinlə söhbət etmək istəyirəm, ancaq qorxuram ərim orada ola. Bu şeiri yazdırıb tərcüməsi ilə sənə göndərirəm, havasını yəqin ki, Səttar bilir. Gözəl havadır”. Qonçabəyimin Barataşvili tərəfindən məktubda məzmunu söylənilən bir beytlik şeiri belədir:
Ey mənim laləzar çiçəkli bağçam,
Gülüstan qoynunda fəvvarə vuran
Sularla həmsöhbət olmaq istərəm,
Qorxuram ki, ərim çıxa o yandan.
Qonçabəyimin taleyi Maiko Orbelianiyə də böyük təsir etmiş, tez-tez məktublarında Nikolozdan onun haqqında xəbər tutmuşdur. Məktublarının birində Maiko yazır: “Allah xatirinə o qızı ərindən xilas elə”.
Barataşvili də dayısı qızını sakit etmək üçün məktublarının birində yazır: “Əziz bacım Maiko! Çox təəssüf ki, bütün hadisələrlə səni tanış edə bilməyəcəyəm, ancaq ər-arvadı barışdırdım”.
Bəs Barataşvili Qonçabəyimlə necə tanış olmuşdu?
Mənbə: “Ürək bir, dilək bir” kitabı (Bakı, 1981). Müəllifi Dilarə Əliyeva.
Əvvəli: Nikoloz Barataşvili və Azərbaycan – I hissə
(Ardı var)