“1942-ci ilin dekabr günlərinin birində, təqribən yeni il öncəsi, Moskva radio vasitəsilə Sovet İttifaqının yeni Qəhrəmanları haqqında məlumat verdi. Fərmanda iki ad qeyd olunmuşdu – podpolkovnik Mixeil Stepanoviç Diasamidze və podpolkovnik Həzi Aslanov. Fərmanda bildirildiyi kimi, Qəhrəman adı onlara “Cəbhədə alman işğalçılarına qarşı mübarizədə Komandanlığın tapşırıqlarının nümunəvi yerinə yetirilməsi, göstərilmiş şücaət və qəhrəmanlıq, tabeliyində olan bölmələrə məharətlə və cəsarətlə rəhbərlik etdiyinə görə verilmişdi”.
Tbilisidə vaxtilə nəşr olunmuş “Zarya Vostoka” (Şərqin şəfəqi) qəzetinin 1945-ci ilin mayın 5-də işıq üzü görmüş 88-ci sayında dərc olunmuş “General Həzi Aslanov” sərlövhəli məqalə belə başlayır.
Mixeil Diasamidze kim olub?
Sovet İttifaqı Qəhrəmanı Mixeil Diasamidze 1913-cü ildə Gürcüstanın Vani şəhərində anadan olub. O, Qırmızı orduda 1929-cu ildən xidmət edib. 1933-cü ildə Bakı Piyada Məktəbini bitirib. 1942-ci ildən II Dünya müharibəsində iştirak edib, podpolkovnik rütbəsində Stalinqrad cəbhəsində piyada bölməsinə komandanlıq edib. O, Stalinqrad yaxınlığında podpolkovnik Həzi Aslanovun tank bölmələri ilə birlikdə əks-hücumda irəliləyiş əldə edib.
Diasamidze 1962-ci ildə ehtiyata göndərilib. Kursk şəhərində yaşayıb. 1992-ci ilin iyunun 3-də vəfat edib, Kurskun Nikitskoe qəbirstanlığında dəfn olunub.
Çətin döyüş şəraitində tanışlıq, “Qalib gəlmək bacarığı”
Müəllifi “Zarya Vostoka” qəzetinin Bakıdakı xüsusi müxbiri N.Novitski olan məqalədə Diasamidzenin Aslanovla məhz Stalinqrad yaxınlığındakı cəbhədə, çətin döyüş şəraitində tanış olub dostlaşdığı yazılıb: “Burada alman işğalçıları ilə üz-üzə Həzi Aslanovun tank və Mixeil Diasamidzenin piyada bölməsi dayanırdı”.
“Bakı və Tbilisidə Aslanov və Disamidzenin döyüşləri haqqında təfərrüatları səbirsizliklə gözləyirdilər. Lakin cəbhədən xəbərlər sıx-sıx gəlmirdi, qəzetlər uzun, dolama yollarla, fasilələrlə çatdırılırdı. Nəhayət ilk xəbər əldə olundu. Tbilisiyə xəbəri bir neçə yaralı stalinqradçı zabit gətirmişdi. Onlar iki dost – podpolkovniklərin bütün cəbhəyə səs salmış şöhrəti haqqında fəxrlə danışırdılar. Bir neçə gündən sonra “Pravda” qəzeti çatdırıldı. Nəşrin ilk səhifəsində Aslanov və Diasamidzeyə həsr olunmuş “Qalib gəlmək bacarığı” təsirli başlıqla məqalə dərc olunmuşdu”, – qəzetdə deyilir.
Qorxmazlıq xariqələri, cəsarət və hərbi məharət
“Zarya Vostoka” qəzeti “Pravda” qəzetindəki məqalədən hissələri oxuculara təqdim edib. Məlum olur ki, almanların Kotelnikovo rayonunda mühasirəyə alınmış bölmələrinə köməyə can atdığı günlərdə Aslanovun tankçıları və Diasamidzenin piyadaları bir-biri ilə qarşılıqlı şəkildə qorxmazlıq xariqələri, cəsarət və hərbi məharət nümayiş etdiriblər:
“Diasamidzenin komandanlığı altında piyada qoşunu beş sutka ərzində düşmənin otuz əks-hücumuna tab gətirə bilir. Bütün hücumlar dəf edilir; polk 40 alman tankını və düşmənin iki batalyonuna qədər piyada qoşununu məhv etdi. Çoxsaylı hücumlara qarşı Aslanovun qvardiya polku da eyni möhkəm dəyanət göstərdi. Beş gün ərzində aslanovçular – həmin gündən onları belə adlandırırdılar – 30 faşist tankı, 50 avtomaşın və piyada batalyonunu məhv etdilər. Aslanov və Diasamidze haqqında “Pravda” qəzeti yazırdı ki, hazırkı döyüşlərdə tabelyində olan bölmələrə bacarıqla və cəsarətlə rəhbərlik edən Qırmızı ordunun komandirlərinin şöhrəti artdı”.
Aslanovun döyüşlərdə şəxsi şücaəti və bacarığı
Məqalədə daha sonra Həzi Aslanovun Stalinqrad döyüşündən sonra yüzlərlə kilometr məsafəyə uzanan “parlaq hərbi yürüşü”ndən və şan-şöhrətindən bəhs olunur:
“Döyüşçüləri generallarını çox sevirdilər. Onun “Villis”i, zirehli avtomobili və ya tankı fasiləsiz olaraq hərəkətdə idi, cəbhənin bu və ya digər hissəsində görünürdülər. Dəfələrlə olub ki, general özü döyüşlərdə şəxsi şücaət və bacarıq nümayiş etdirirdi. O, işğal olunmuş şəhərin küçələrinə ilk daxil olurdu, düşmənin tankları və toplarını ələ keçirirdi, onları qaçan almanlara qarşı çevirirdi. Həzi Aslanovun apardığı bütün döyüşlər barədə qısa danışmaq imkansızdır…”.
Vilnüs döyüşləri, haqlı iftixar
Məqalədə Həzi Aslanovun Vilnüs uğrunda gedən döyüşlərdə iştirakına da toxunulub. Qeyd olunub ki, bu döyüşlərin Aslanovun Stalinqrad yaxınlığında apardığı döyüşlərlə bir sıra oxşarlıqları var: “Stalinqradda o, Diasamidze ilə yanbayan döyüşürdü. Burada isə o, yerlisi, Dağlıq Qarabağdan olan general Andronik Kazaryanın motoatıcıları ilə qarşılıqlı əlaqədə idi. Bu dəfə də döyüşdə eyni qorxmazlıq və mətanət, möhkəm hərbi ittifaq nümayiş etdirildi. Aslanovun tankçıları şəhərə şərqdən, Kazaryanın motoatıcıları şimal-şərqdən həmlə etdilər. Vilnüsə ilk daxil olan aslanovçular Qırmızı ordunun digər hissələrinin uğuruna imkan yaratdılar.
General Həzi Aslanov tankını Vilnüsün mərkəzi küçəsində saxladı… Şəhər demək olar tam azad edilmişdi. General maşından çıxdı və almanların təyyarədən atdığı vərəqəni qaldırdı. Alman komandanlığı Vilnüsün mühasirəyə alınmış qarnizonunu “başkəsən stalinqradçılarla mübarizədə bütün güclərini səfərbər etməyə” çağırırdı. Aslanov məmnun halda gülümsədi və vərəqəni cibində gizlətdi. Daha sonra o, dəfələrlə vərəqəni döyüş yoldaşlarına iftixarla göstərirdi. Və bu haqlı iftixar idi – təkcə adları ilə almanları vahiməyə salan stalinqradçıların iftixarı”.
Azərbaycan xalqının qəhrəman oğlu, Vətənə hədsiz məhəbbət
Məqalənin son abzaslarında Aslanovun həlak olması, dəfn mərasimindən və xatirəsinə dərin ehtiramdan söz açılıb:
“…O döyüşlərdə həlak oldu. Çox yaxşı general-stalniqradçı, Azərbaycan xalqının qəhrəman oğlu.
O, 4 fevral 1945-ci il tarixində dəfn olundu. Bütün Bakı generalın tabutunun arxasınca kədərli və sərt sükutla addımlayırdı…
General Aslanovun məzarı Bakının Dağüstü parkındadır…
Xeyr, Aslanovun məzarı önündə ölümdən danışmaq istəmirsən! Şanlı Bakı şəhərinin ənənələri iradəli general Aslanovda təcəssüm olunmuşdu. Bu ənənələr – dostluq və qardaşlıq, Vətənə hədsiz məhəbbət və onun düşmənlərinə sonsuz nifrət əbədi yaşayacaq və qalib gələcək”.
Xatırladaq ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olub. O, Böyük Vətən müharibəsi illərində göstərdiyi şəxsi igidlik və şücaətə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qızıl Ulduz ordeni, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı, habelə Lenin ordeni və medallarla təltif edilib.
Hər il mayın 9-da faşizm üzərində Qələbənin ildönümündə Həzi Aslanovun məzarı ziyarət olunur, əziz xatirəsi ehtiramla yad edilir.