Gürcü şair, tərcüməçi Valerian Qaprindaşvilinin (1888-1941) “Gəncə bağı” adlı şeirini təqdim edirik. Poeziya nümunəsinin Azərbaycan dilinə tərcüməsi 1988-ci ildə Bakıda işıq üzü görmüş “Kür Xəzərə qovuşur” adlı kitaba daxil edilib.
Hər il bu yerlərə may gələn zaman
Ürəyim istəyir Gəncə bağını.
Yaşıl tağ altında oturub hər an,
Anıram ömrümün gənclik çağını.
***
Duyuram ətrini tər çiçəklərin,
Əlvan qızıl güllər gəlir yadıma.
Cığırlar yamyaşıl, tunel də sərin,
Ruh verir şəlalə, çeşmə adama.
***
Çıxdıqca dolama körpünün üstə
Titrəyir yerində yelləncək kimi.
Hər yan pıçıldayır, dinir ahəstə,
Bu bağ bir çələngli Günəş şəklimi?
***
Ya adi xəyaldır, payızdır bəlkə,
Gəlib oturacaq xanimanında.
Sarı yarpaqları o tökə-tökə
Hələlik dolanır xiyabanında.
***
İlk dəfə mən burda sevdim, odlandım
Sehirli bir qəlbin nəşidəsindən.
Gör, necə oxlandım və ovsunlandım,
Yenə diksinirəm haray səsindən.
***
Onun əl çatmayan uzaq kölgəsi
Hasarlı, baharlı o bağda qaldı.
Əslində nahaqdır çağırış səsi,
İndi mənim üçün o bir xəyaldı!