Bu gün Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərindən biri, Azərbaycanın Gürcüstandakı ilk səfiri hesab olunan Məmmədyusif Cəfərovun (1885-1938) anım günüdür.
O, dövrünün ən parlaq azərbaycanlı siyasətçilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Cəfərov Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasına və inkişafına əhəmiyyətli töhfələr verib.
M.Cəfərov 1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, Bakıya gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışmağa başlayıb.
1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı M.Cəfərov əvvəl Bakıda, oktyabrın 20-də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilib.
M.Cəfərov 1912-1917-ci illərdə Sankt Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak edib, Dumanın V bölməsinin, müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilib.
1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradılıb. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papaçanovla (erməni) yanaşı M.Cəfərov da daxil olub. M.Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırılır.
1917-ci il noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə müstəqil Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı yaradılıb. M.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini tuturdu.
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə azərbaycanlı, gürcü və erməni nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən, M.Cəfərov da seçilmişdi.
1918- ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27-də müsəlman fraksiyasının fövqəladə iclası çağırıldı. Özü iştirak etməsə də, M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli Şuranın İcra Komitəsi təşkil edildi. İcra Komitəsinin tərkibinə M.Hacmski, N.Usubbəyli, X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçilmişdir.
Müvəqqəti Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri M. Cəfərov olmuşdu. Həmin iclasda F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdu.
M.Cəfərov 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olub. O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan, Ermənistan, Gürcüstanın hökumət və Avropa ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə, Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız pul buraxılması haqqında müqaviləni imzalamışdı.
1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Usubbəylinin sədrliyi ilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutub.O, bu vəzifədə 1919- ci il dekabrın 22-nə kimi işləyib.
M.Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini qətiyyətlə müdafiə etməyə çalışmışdır. Bu, onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi-müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Azərbaycan, Ermənistan və Gürcüstan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan Xarici İşlər Nazirliyinə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür.
1920-ci il fevralın 2-də Azərbaycan parlamentinin 121 -ci iclasında parlament sədrinin müavini H.Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavinin seçilməsi məsələsi müzakirə edilmişdir. Müzakirə zamanı Məhəmmədəmin Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə M.Cəfərovu təklif etmişdir. Parlamentin 47 üzvü M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin müavini seçilmiş və iclaslarına sədrlik etmişdir.
M.Cəfərov 1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra M.Cəfərov Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. Bolşeviklərin milli hökumətə xidmət göstərdiyinə görə cəzalandırdığı şəxslərin siyahısında M.Cəfərov da var. O, ömrünün 5 ilini həbsxana divarları arasında keçirib və kütləvi cəza orqanının nəzarəti altında olub.
M.Cəfərov 1938-ci il mayın 15-də Bakıda vəfat edib və Şağan kəndində dəfn olunub.
___________
Mənbə: “Azərbaycanın xarici işlər nazirləri” kitabı. Bakı-2003