Bakıda əsası qoyulan Gürcüstan kinosu 116 yaşını qeyd edir

Bu gün Gürcüstanda Kino Günüdür. Gürcü kinosu yaranmasının 116 illiyini qeyd edir.

Gürcüstan milli kinosunun “doğum günü” 1908-ci ilin mayın 15-i, “doğum yeri” isə Bakı hesab olunur.

Belə ki, Gürcüstan SSR-in xalq artisti, kinorejissor Vasil Amaşukelinin (1886-1977) Bakı mesenatının dəstəyi ilə lentə aldığı ilk sənədli kadrlardan ibarət materialın premyerası məhz həmin tarixdə Azərbaycan paytaxtında baş tutub.

Vasil Amaşukeli

Sənədli filmdə Bakı bazarları, dəvələrlə kömürün daşınması və neft quyuları yer alıb. Rejissorun çəkdiyi “Bakı bazarlarının tipləri” adlı tammetrajlı sənədli film Gürcüstanın bu janrda çəkilən ilk ekran əsərləri arasındadır.

V.Amaşukeli Bakıda kinoteatrların birində mexanik kimi çalışıb. O, 1907-ci ildə Bakıda neft hasilatı mövzusunda bir neçə sənədli film lentə alıb, daha sonra fəaliyyətini doğulduğu Kutaisi şəhərində davam etdirib.

Gürcüstan kinosu tarixində 800 tammetrajlı bədii, tele və qısametrajlı, 600-ə yaxın sənədli və elmi-populyar, təqribən 500 animasiya və kukla filmləri çəkilib.

Gürcü kinosu mövcud olduğu müddət ərzində dünyanın demək olar bütün nüfuzlu kinofestivallarında çoxsaylı mükafatlar qazanıb.

Federiko Fellini

Tanınmış italyan rejissor Federiko Fellini gürcü kinosu haqqında: “Gürcü kinosu tamamilə unikal hadisədir, parlaq, çox müdrik və səmimidir. Məni ağlamağa məcbur edən hər şey var, lakin deməliyəm ki, bu, elə də asan iş deyil”.