Mayın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) anadan olmasının 154 illiyi tamam olub.
Onun həyat və ictimai fəaliyyətinin bir hissəsi Gürcüstanla bağlı olub. Həmin dövrün əsas mərhələlərinə qısaca nəzər salaq.
Tiflis və gənc Əbdürrəhim bəy
Ə.Haqverdiyevin Tiflislə ilk tanışlığı gənclik illərinə təsadüf edib. O, doğulduğu Şuşada realnı məktəbi bitirəndən sonra 1890-cı ildə Tiflisdə realnı məktəbinin sonuncu sinfinə daxil olub. Tiflis mühiti gənc Əbdürrəhim bəyin dünyagörüşünün formalaşmasına səmərəli təsir göstərir. O, şəhərin teatr həyatı ilə yaxından tanış olur. Ə.Haqverdiyev gimnaziyada Qriboyedov, Qoqol, Ostrovski, Şekspir, Şiller, Molyer kimi rus və Avropa klassik dramaturqlarının əsərlərini mütaliə edir, Tiflisdə fəaliyyət göstərən Azərbaycan və rus teatrlarının göstərdikləri tamaşalara baxıb səhnə sənətinə daha yaxından bələd olur. Ə.Haqverdiyev 1891-ci ildə Tiflis gimnaziyasını bitirəndən sonra ali təhsil almaq məqsədi ilə Peterburq şəhərinə gedir.
“Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq, Borçalı qəzasında müvəkkil vəzifəsi
1911-ci ildən Ağdamda bədii yaradıcılıqla məşğul olur, Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” məcmuəsinə hekayələr, felyetonlar, gündəlik məsələlərlə əlaqədar publisist məqalələr yazır.
1916-cı ilin sonlarında Ə.Haqverdiyev Ağdamdan Tiflisə köçərək burada rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi Xəbərləri” jurnalının redaktoru vəzifəsində çalışır.
Məlum olduğu kimi, 1917-ci ilin fevral ayında Rusiyada burjua inqilabı qələbə çaldı, oktaybrın 25-də (noyabrın 7-si) isə bolşeviklər hakimiyyəti ələ keçirdilər. Rusiyada baş verən bu siyasi proseslər ölkənin ucaqrlarına, o cümlədən, Zaqafqaziya diyarına da təsirsiz qalmadı. 1918-ci ilin fevral ayında Tiflisdə Zaqafqaziya seymi çağrıldı. Dövlət hakimiyyəti orqanı olan bu seymin tərkibinə vaxtilə Zaqafqaziyadan Müəssislər məclisinə seçilmiş deputatlar, o cümlədən, Ə.Haqverdiyev də daxil idi. Ədib hələ 1917-ci il Fevral Burjua İnqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmiş, həmin ilin mart ayında Borçalı qəzasına müvəkkil təyin olunmuşdu. Buna görə Ə.Haqverdiyev Şulaver qəsəbəsinə gedərək bir il yarım orada işləmiş, sonra Tiflisə qayıtmışdır.
Lakin Rusiyanın mərkəzi Peterburqda Şəhərlər İttifaqı ləğv edildiyindən və qurumun fəaliyyəti dayandırıldığından, onun Qafqaz şöbəsi də fəaliyyətsiz qalmışdı. Ə.Haqverdiyev 1917-ci il Fevral Burjua İnqilabından sonra Tiflis İcraiyyə Komitəsi və onun Mərkəzi Şurasının üzvü seçilmiş, həmin ilin mart ayında Borçalı qəzasında yerli idarə məclisinin komissarı vəzifəsini icra etmək üçün Şulaverə göndərilmiş və Gürcüstan Demokratik Respublikası elan olunana qədər Şulaverdə işləmişdir. Onun Şulaverdə çalışdığı illərdə Borçalıda olduqca gərgin bir ictimai-siyasi vəziyyət var idi: “ermənilərin pozuculuq fəaliyyəti xeyli genişlənmişdi. Millətlərarası münasibətlər gündən-günə pisləşirdi. Ermənilər Borçalının bir hissəsinə iddia edirdilər”.
Ermənilər Ə.Haqverdiyevə sui-qəsd hazırlayırdı
Ə.Haqverdiyev bölgənin türk – azərbaycanlı əhalisini sakit, təmkinli olmağa çağırır və buna nail olurdu. Ermənilərin məkrli niyyətini başa düşən Borçalı bəyləri bəzən Ə.Haqverdiyevin təbliğatından narazı qalırdılar. Bunu bilən hiyləgər ermənilər Ə.Haqverdiyevə sui-qəsd hazırlayır, bu işi, əhalisi türklərdən ibarət olan Qızılhacılı kəndində həyata keçirmək istəyirdilər ki, cinayəti öz üzərlərindən atsınlar.
Ə.Haqverdiyev Qızılhacılıda əhalini bir yerə toplayaraq onları ermənilərlə mehriban dolanmağa çağırmış, onun çağırışını yerli əhali narazılıqla qarşılamışdır. Bu əhvalat haqqında yerli camaatdan eşitdiklərinə və yazıçı Əli Abbasın “Ehramçayın sahilində” hekayəsində deyilənlərə istinad edən filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu yazır: “Erməni hərbi birləşmələri Borçalıdan keçməklə Gürcüstana həmlə edirlər. Borçalı türkləri hamılıqla silahlanıb daşnakların qarşısını kəsməkdə israrlıdırlar. Əbdürrəhim bəy Borçalıların savaşda iştirakını istəmir… ermənilərə qarşı silah işlətməyin milli qırğına çevriləcəyindən ehtiyatlanır. Borçalı bəyləri isə ermənilərin torpaq iddiasında olduğunu, savaşa onların başladığını, hazırkı məqamda isə doğma torpağı əldə silah müdafiə etməkdən başqa bir yol olmadığını söyləyirlər. Əbdürrəhim bəy Borçalı bəylərinin Qızılhacılıdakı yığıncağından acıq eyləyib çıxır və öz faytonu ilə yola düşür. Yolda Gorarxıdan olan Mollabayramoğlu Rüstəmlə rastlaşır. Rüstəm kişi Əbdürrəhim bəyi öz faytonundan düşüb onun faytonuna minməyə və Gorarxıya dönməyə razı salır. Əbdürrəhim bəyin faytonçusu isə öz yoluna davam edir. Səhər çağı fayton Ehramçayın dəmiryolu körpüsündən asılı vəziyyətdə tapılır, faytonçu isə coşqun sularda boğulub ölüb. Əbdürrəhim bəy elə həmin gün Borçalını tərk edir.”
Tiflisdə məktəb inspektoru, Gürcüstan parlamentinin üzvü
Borçalıdan Tiflisə qayıtdıqdan sonra Ə.Haqverdiyev orada azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin edilmiş, bu işdə çalışarkən Gürcüstan Müsəlmanları Milli Şurası tərəfindən Gürcüstan parlamentinə üzv göndərilmişdir. O, parlamentin Maarif komissiyasında fəaliyyət göstərmiş, “Gürcüstan konstitusiyasının verdiyi imkanlardan istifadə edərək soydaşlarının ana dilində təhsil alması, bu sahədəki mövcud problemlərin aradan qaldırılması, məktəblər şəbəkəsinin genişləndirilməsi, bütövlükdə milli mədəniyyətin qorunması, inkişafı üçün yorulmadan çalışmışdır”.
Gürcüstan parlamentində dörd ay (29.09.1918 – 31.01.1919) fəaliyyət göstərən Ə.Haqverdiyev parlamentin fəaliyyətinin dayandırılması və Müəssislər Məclisinin yaradılması ilə əlaqədar siyasi həyatdan bir qədər kənarlaşmışdır. 1919-cu ildə Tiflisdə məsul siyasi vəzifə daşıyarkən o, həm də K.Y.Zubalov adına Xalq evi nəzdində Türk Dram Cəmiyyəti İdarə heyətinin sədri olmuş, teatr sahəsində fəaliyyət göstərmişdir.
Ədib tərcümeyi-halında yazır:
“Zaqafqaziya xüsusi cumhuriyyətlərə ayrıldıqdan sonra gürcü höküməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum”.
1918-ci ildə Tiflisdə Əliheydər Qarayevin redaktorluğu ilə “Tartan-partan” adlı satirik jurnal çıxmağa başlayır. Bu jurnalın ilk sayına baş məqaləni Ə.Haqverdiyev yazmışdır.
O, 1919-cu ildə Bakıya gedir.
________
Mənbə: “Əbdürrəhim bəy Haqverdiyev. Həyat və yaradıcılığı” (Bakı-2018)