Tbilisi Tarix Muzeyindəki dəyərli Azərbaycan inciləri – Fotolar

Bu gün Beynəlxalq Muzeylər Günüdür.

Aziz.ge bu əlamətdar gündə oxucularına Gürcüstanın əsas muzeylərindən olan Tbilisi Tarix Muzeyinin ekspozisiyasına daxil olan Azərbaycanın mədəniyyət nümunələri haqqında məlumat təqdim edir.

İlk öncə muzeyin yaranma tarixi ilə qısaca tanış olaq.

Tbilisi Tarix Muzeyi Gürcüstan paytaxtının köhnə hissəsinin mərkəzində – Sioni küçəsi 8 ünvanında, tarixi abidə olan keçmiş karvansarayın əzəmətli binasında yerləşir.  1910-cu ildə şəhər muzeyi kimi əsası qoyulmuş məkan məşhur gürcü şairi İoseb Qrişaşvilinin adını daşıyır. Muzeydə Tbilisinin tarixi, məişət və mədəniyyətini əks etdirən 50 minə yaxın eksponat saxlanılır. Ekspozsiyada təqdim olunan unikal əşyalar arasında Azərbaycan mədəniyyətinə aid nümunələr də yer alıb. XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan mədəniyyət nümunələrimiz muzeyin ikinci mərtəbəsində – daimi ekspozisiyada sərgilənir.

Daimi ekspozisiya zalında diqqəti ilk cəlb edən musiqi alətləri guşəsidir. Burada Azərbaycanın musiqi alətləri – tar, kamança, qaval, saz təqdim olunur. Bu alətlərin Tbilisi Tarix Muzeyində yer alması təsadüfi deyil, belə ki, muğam qədim Tiflis mədəniyyətinin ayrılmaz hissəsi olub və bu sənətə şəhərdə böyük rəğbət bəslənilib.

Muzeydə milli alətlərimizlə yanaşı, mahir muğam ifaçısı, ömrünün 30 ilini Tbilisidə yaşamış və məşhurluq qazanmış “Bülbülcan” təxəllüslü Əbdülbaqi Zülalovun trio ilə birgə ağ-qara fotoşəkli də sərgilənir. Təəssüflər olsun ki, fotoşəklin altında orada yer alan ifaçılar haqqında məlumata rast gəlinmir.

Zalda Azərbaycan mədəniyyətinə aid məişət predmetləri – səhəng və dolçalar, “Sumax” növünə aid xalça, xurcun, məfrəş, mütəkkə, balış, kisə, boxça, atın və yaxud da dəvənin üstünə örtülən çullar, qəlyan və süfrə ayrıca vitrində sərgilənir. Nəfis toxuculuq məmulatlarının bir qismi Qarabağ qrupuna aiddir. Xalçalar arasında Qarabağ tipinin xovsuz xalça növünə və XIX əsrin sonuna aid olan “Zili” də diqqət çəkir.

Qiymətsiz kolleksiyaya aid əşyaların əksəriyyəti fərdi şəxslərdən alınıb və ya muzeyə hədiyyə edilib. Azərbaycan mədəniyyət nümunələri muzey ziyarətçilərinə Şərq mədəniyyəti adı altında təqdim olunur.

Azərbaycan xalçaları zalın bir neçə guşəsini bəzəyir. Dəyərli incilərimiz daxili tərtibatda geniş istifadə olunub. Avropa dəbinə, kürd və yəhudilərə məxsus geyimlərin, qədim ev əşyalarının yer aldığı guşələrin tərtibatı Azərbaycan xalçaları ilə tamamlanıb. Xalçalar yundan və təbii boyalı olduğundan cazibədarlığını qoruyub saxlayıb, guşələrə xüsusi gözəllik və rahatlıq verib.

Zalda qədim Tbilisinin əsas atributlarından olan xalça dükanının miqyaslı modeli ilə tanışlıq da ziyarətin ən maraqlı hissələrindən biridir. Maketdə rəngarəng Azərbaycan xalçaları və xurcunlar nümayiş etdirilir, şəkillər vasitəsilə xalça ticarəti əks olunub.

Qeyd edək ki, Tbilisi Tarix Muzeyi həftənin bazar ertəsi istisna olmaqla hər gün ziyarətçilər üçün açıqdır. Məktəblilər və tələbələr üçün biletin qiyməti 50 tetri, böyüklər üçün isə 5 lari təşkil edir.