Böyük gürcü şairi Naxçıvanda yaşadığı zaman tədqiqatçıların (M. Nəsirli, L. Hüseynzadə) göstərdiyi kimi, orada ədəbi məclislər var imiş. Bu məclislərin biri “Qonçeyi-Ulfət” adı ilə məşhur idi. Qonçabəyim də bu məclislərdə iştirak edirdi. Onun şeirləri bu zaman Naxçıvanda məşhur idi. Şübhəsiz ki, Barataşvili də bir şair kimi şəhərin ədəbi həyatından kənarda qala bilməzdi. O, Qonçabəyimlə məhz bu məclislərin birində tanış ola bilərdi. Nəhayət, məktubdan məlum olduğu kimi, şairənin sözü, romantik taleyi Barataşvilini maraqlandırmış, qocaların dediyinə körə, o, hətta şairəyə şeir də həsr etmişdi.
Qonçabəyim Kəngərli nəslindəndir. O, Naxçıvanın axırıncı xanı Ehsan xanın qızıdır. Ehsan xan 1828-cil il Türkmənçay sülh müqaviləsinə əsasən şimali Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra da Naxçıvanın xanı (naibi) olmaq hüququnu saxlamışdı. Onun babaları da Rusiyaya böyük rəğbət bəsləyirdilər. Atası Kəlbalı xanın gözlərini Ağaməhəmməd şah Qacar məhz buna görə çıxartdırmışdı. Bu zaman rus general-mayoru rütbəsində olan Ehsan xan öz dövrünün qabaqcıl adamlarından idi. Çox güman ki, qızını rus və Avropa mədəniyyəti ilə tanış etmişdi.Təsadufi deyildir ki, Qonçabəyim zəmanəsinin istedadlı şairəsi və azadfikirli qadınlarından biri idi.
N. Barataşvili şəhər rəisinin müavini kimi də Ehsan xana yaxın olub, onun evinə gedə bilərdi. Bəlkə də Naxçıvan ədəbi məclislərində Barataşvilini iştirak etməyə Qonçabəyim sövq etmişdi.
Qonçabəyimin bizə gəlib çatan şeirlərindan aydın olur ki, o romantik şairə olmuş, əsərlərində şərq sevgi rübabının hüzn və ələmini, sevinc və kədərini tərənnüm etmişdir.
Onun “De gəlsin” adlı şeirini təqdim edirik:
De gəlsin
Hicran sənətkarı, qəm xiridarı,
Qəddar olan, biilqara de gəlsin.
Yenə təzələnsin didaı didarı,
Ciyər oldu həzar parə, de gəlsin.
***
Ərzi-halım yazdırmışam ərzədə,
Qara bağrım yar zədədir, yar, zədə,
Bir müddət də qaldıq Imammirzədə,
Eylədi dərdimə çarə, de gəlsin.
***
Aşiq olan məşuqəyə mirasdı,
Eşq oduna nahaq yanmaq əbəsdi,
Bizim məskənimiz Tünü Təbəsdi,
Qərib düşdüm bu diyara, de gəlsin.
***
Aşiq bilər məşuqunun halını,
Qismət olsa, ələ alaq əlini,
Gözləməkdən bimürvətin yolunu,
Gözümdə qalmadı qarə, de gəlsin.
***
Bizə sək rəqiblər deyirlər asi,
Mövlaya bağladıq yəni ixlası,
Mən Bəyiməm ibrahimin butası,
Gizli deyil, var aşkara, de gəlsin.
________
Mənbə: “Ürək bir, dilək bir” kitabı (Bakı, 1981). Müəllifi Dilarə Əliyeva.