Yakob Zedginidze ad-soyadı bizə Şuşa xalçaları haqqında yazdıqları* ilə tanışdır. Azərbaycan xalçaçılığına aid əksər mənbələrdə gürcü tədqiqatçısı kimi təqdim olunan Y.Zedginidzenin Şuşa məktəbində müəllim kimi çalışdığı da məlumdur. Onun haqqında daha ətraflı məlumatlarla gürcü mənbələrində tanış olmaq mümkündür.
Aziz.ge oxucularını Gürcüstanın Əməkdar müəllimi, təhsil sahəsində yeniliklərə imza atmış Y.Zedgenidze ilə daha yaxından tanış edir.
Y.Zedginidze 1859-cu ildə Gürcüstanın Axaltsixe rayonunun Vale kəndində anadan olub. O, 1874-cü ildə Axaltsixe seminariyasını, 1879-cu ildə Tbilisi Pedaqoji İnstitutunu bitirib. Ali təhsilini başa vurandan sonra yeni açılmış, daha sonra gimnaziyaya çevrilmiş dövlət xidməti məktəbində müəllim kimi çalışmağa başlayıb.
O, 1880-ci ildə Qafqaz Təhsil Dairəsinin rəhbərliyi tərəfindən Şuşa şəhərində kənd müəllimi vəzifəsinə təyinat alıb və 20 il bu vəzifədə çalışıb. 1899-cu ildən Gəncə şəhərində pedaqoji fəaliyyətlə məşğul olub. 1905-ci ildən isə Tbilisidə 5 saylı gimnaziyada dərs deyib, 1917-ci ildə Tbilisidə birinci kişi gimnaziyasına müəllim təyin olunub.
Y.Zedginidze təcrübəli müəllim olub, bir sıra tədris və metodiki vəsaitlərin müəllifidir. Pedaqoji fəaliyyətlə yanaşı, o, ictimai fəaliyyətdə də fəal iştirak edib. O, kitabxana-qiraətxanalar təşkil edib və maarifin yayılması cəmiyyətinə kömək göstərirdi. 1916-cı ildə onun təşəbbüsü ilə ilk gürcü müəllimlər seminariyasının əsası qoyulub. O, həmçinin əlifbanın tədrisi sahəsində novator, gürcü əlifbasının tədrisi sahəsində ilk elmi araşdırmaları aparan olub.
Y.Zedginidze gürcü yazı sisteminin inkişafında böyük işlər görüb. O, bu mövzuya bir sıra yazılar həsr edib, hətta “Gürcü yazı metodologiyası” adlı kitab da nəşr etdirib.
Pedaqoq gələcək nəslin tərbiyəsini düzgün istiqamətə yönəltmək üçün bütün səylərini əsirgəməyən fədakar təhsil işçisi idi.
Gürcüstanın Əməkdar müəllimi 1943-cü ildə 84 yaşında vəfat edib.
________________
*Həmin material ixtisarla təqdim olunacaq.