“Tbilisinin qeyri-gürcü əhalisi arasında tarixən azərbaycanlı icma çoxluq təşkil edib. Buna görə də şəhərdə bəzi küçələrin azərbaycanlıların və ya Azərbaycanla bağlı şəhərlərin adlarını daşıması təsadüfi deyil. Tbilisidə bu cür adları daşıyan 10-a yaxın küçə var ki, onlardan da biri keçmişdə Şuşa adlandırılmış küçədir. Şuşa Azərbaycanın əsas mərkəzlərindən biridir. Daha dəqiq desək, Şuşa Azərbaycanın Qarabağ bölgəsində yerləşən mədəniyyət mərkəzidir”.
Bunu “Aziz.ge”yə müsahibəsində tarix elmləri doktoru, professor Otar Canelidze deyib.
Onun sözlərinə görə, Qarabağın Gürcüstanla, xüsusən də XVIII əsrin II yarısında – çar İraklinin hökmranlığı dövründə tarixi əlaqələri olub: “Həmin dövrdə Qarabağ xanlığı çar İraklinin müdafiəsi altında idi. Buna görə də bu küçənin vaxtilə Şuşa adlandırılması təsadüfi deyil. Lakin nədənsə sonradan küçənin adı dəyişdirilib və hazırda küçə yəhudiəsilli şair və tərcüməçi Gertsel Baazovun adını daşıyır. Tbilisi şəhər şurasının bu küçəyə hansı əsasla Gertsel Baazovun adını verməsi səbəbini bilmirəm”.
Tarixçi keçmiş Şuşa küçəsindən qalmış 9 saylı ünvan lövhəsində küçənin adının “Şuşinis” kimi göstərilməsini belə izah edib: “Tarixi mənbələrdən məlum olur ki, küçənin adı ruscaya səhv tərcümə edilib. “Şuşini” gürcü dilində düzgün səslənmir. Gürcücəyə tərcümədə ad “Şuşis küçəsi” kimi yazılmalı idi”.
Küçənin keçmiş adının bərpası məsəsələsinə münasibət bildirən O.Canelidze bunu mümkün hesab etdiyini söyləyib. Onun sözlərinə görə, ya keçmiş Şuşa küçəsinin adı özünə qaytarıla bilər, ya da başqa küçəyə Şuşa adını vermək olar.
Tarixçi, həmçinin qeyd edib ki, Tbilisinin Qldani rayonunda yerləşən Şuşis küçəsinin adının Azərbaycanın Şuşa şəhəri ilə heç bir əlaqəsi yoxdur və həmin küçənin adı orada yerləşən şüşə zavodu ilə bağlıdır.
Qeyd edək ki, gürcü dilində “şüşə” sözü “şuşa” kimi səslənir.
Xatırladaq ki, Tbilisinin keçmiş Şuşa küçəsi bu adı 1903-1995-ci illərdə daşıyıb. Küçəyə Gertsel Baazovun adı 1995-ci ildə verilib.
Həmçinin oxu: Şuşa küçəsi – Tbilisidə itirilmiş məkan adı və yeganə nişanəsi – ARAŞDIRMA