Gürcüstan teatrı azərbaycanlı rejissorun tamaşası ilə Türkiyədə festivala qatılıb

Gürcüstanın Axmeteli Dövlət Dram Teatrı Türkiyənin Trabzon şəhərində 2-15 may tarixində baş tutmuş XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında iştirak edib.

Gürcüstanı festivalda təmsil edən teatr Türkiyənin tanımış dramaturqu Tuncer Cücenoğlunun “Çığ” (Uçqun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşanın səhnə quruluşu İradə Gözəlovaya məxsusdur. Səhnə əsərinin premyerası 2019-cu ilin dekabrında baş tutub.

Əsas rollarda Andria Qvelesiani, Maiko Vatsadze, Tamriko Bejuaşvili, Otar Çikobava və digərləri çıxış ediblər.

Tamaşa hər tərəfdən qarlı dağlarla əhatələnmiş kiçik bir kənddə baş verən hadisələr və uçqun təhlükəsindən qorunmaq üçün sakinlərin səssizliyə necə riayət etmələrindən bəhs edir.

Qeyd edək ki, İ.Gözəlovanın Axmeteli Dövlət Dram Teatrı ilə sıx əməkdaşlığı olub. Rejissor 2018-ci ildə də bu teatrda tanınmış gürcü yazıçı Nodar Dumbadzenin “Hellados” əsəri əsasında eyniadlı tamaşa səhnəyə qoyub.

XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalına Gürcüstanla yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Yunanıstan və İspaniyadan da teatrlar qatılıb.

Aziz.ge