Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi olan Əliağa Vahidin (1895-1965) Tiflis şəhərinin gözəlliyinin tərənnüm edildiyi “Naz et mənə” adlı qəzəli də var. Şair poeziya nümunəsində Tiflisin heyranedici gözəlliklərini təsvir edib, şəhəri cənnətə bənzədib. Həmin qəzəli təqdim edirik:
Əvvəl baxışında məni heyran elədin sən,
Bir incə gülüşlə ürəyim qan elədin sən,
Sonra məni bir lütf ilə xəndan elədin sən,
Kafər qızı, axır məni Sənan elədin sən.
“Yansın dilim ağzımda desəm nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Xəlq eyləmiş öz keyfi gələndə səni tari,
Öldür, bu bəladan məni qurtar, səni tari!
Rəhm et mənə, biganəyə naz eyləmə bari,
Alqış, elə bir aşiqə, var sən kimi yari,
İnsaf elə, öz aşiqini məhrəmi raz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Ayinəni heyrətdə qoyub əksi-camalın,
Xurşidi xəcalətdə qoyub arizi-alın.
Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,
Bəlkə, ola qismət bizə gülzari-vüsalın.
Hərdən bu sınıq könlümü bir lütfilə saz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,
Az qaldı ki, ruhum uça, can qalmadı məndə,
Bu nazü nəzakət var ikən bir belə səndə,
Dərd əhli, inan, düşməyə bilməz bu kəməndə,
Daim bu gözəl xilqətə min razü niyaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Tiflis şəhərin eyləmiş hər kimsə ki icad,
Tari eləsin ruhini aləmdə görüm şad.
Cənnət ki, deyirlər edib icad onu Şəddad,
Burdan aparıb huriyi-qılmanü pərizad,
Yarəb, bu pəriçöhrələri bəndənəvaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Dünya üzünə yaxşı gözəllər gəlib hərçənd,
Olmaz sənə bir ölkədə nə misl, nə manənd,
Təbriz, Bakı, Tehran, Şəki, Şirvan, Quba, Dərbənd,
Gəncə, Qarabağ, şəhri-Buxaravü Səmərqənd.
İstərsən əgər, əzmi-rəhi-mülki-Hicaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Olma, gözəlim, surətinə bir belə məğrur!
Mən etmişəm eşqimlə səni aləmə məşhur,
Hicrində məni eyləmə qəm çəkməyə məcbur,
Bir dəm hərəmi-vəslilə et qəlbimi məsrur,
Dərgahə həmin qul deyə manəndi-Əyaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Vazi, elə zənn eyləmə, həqqi danıram mən,
Nə Kəbə, nə bütxanə, nə məscid tanıram mən,
Lakin özümü həqq sevən insan sanıram mən,
Dünyada fəqət bircə məhəbbət qanıram mən.
Sən get hələ, ölmüşlərə təklifi-namaz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.
***
Vahid, demə, mən daimiyəm zövqü səfadə,
Mənsuri də yad etməliyik dari-fənadə.
Bu misrəi-nazi o demiş bir belə sadə,
Yarəb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfünlə fəraz et,
“Naz et mənə, ey sevgili canan, mənə naz et”.