Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, dramaturq Abbas Səhhətin (1874-1918) bu gün anadan olmasının 150-ci ildönümü tamam olur.
Onun tərcümələri arasında gürcü ədiblərin əsərlərinə də rast gəlinir. A.Səhhət Gürcüstanın böyük şairi Akaki Tseretelinin iki əsərini Azərbaycan dilinə tərcümə edib “İqdam” qəzetində çap etdirib. Onun A.Tseretelidən tərcümə etdiyi birinci şeir “Şair” şeiridir ki, mütərcim onu “Gürcü şairlərindən Akaki Tseretelinin əşarından” adı ilə təqdim etmişdir. Bu şeirdə A. Tseretelinin yığcam şəkildə sənət və ədəbiyyat haqqında fikirləri əks olunmuşdur.
Şair sənətkardan real varlığı düzgün əks etdirməyi tələb edir. Onun fikrincə, sənətkar gördüyü, duyduğu, hiss etdiyi hadisələrdən yazmalı, real həyatdan ilham almalıdır. Şair şeiri özünə məxsus üslubla, bir qədər sərbəst tərcümə etmişdir.
Gah zavallı divanəyəm, gah ən aqil bir insan,
Bəzi dəfə və lakin bən nə aqiləm, nə nadan.
Nə yer, nə göy məxluqiyəm, nə xoş səsli müğənni
Lakin bütün gördüyümü etmədəyəm təğənni.
A. Səhhətin A. Tseretelidən ikinci tərcüməsi “Xanəndə Qoqi” əsəridir. Yarı realistik, yarı romantik əsər olan “Xanəndə Qoqi” öz vətənpərvərlik pafosu ilə A. Səhhətin nəzərini cəlb etmişdir. Gözəl xanəndə olan Qoqi anasının, bacısının, arvadının yalvarışlarına baxmayaraq Vətənin müdafiəsinə yola düşür. Qoqi gedəndən sonra onun xahişi ilə hər səhər növbə ilə anası, bacısı, arvadı onun sazını dilləndirir və həzin-həzin nəğmə oxuyurlar. Çox keçmədən Qoqi Vətən uğrunda həlak olur. Onun ailəsi dağılır: ana-sarıköynək, bacı-bülbül, gəlin şanapipik cildinə girir. Quşlar diyar-diyar gəzir; Qoqinin məzarını axtarırlar.
“Xanəndə Qoqi”də vətənpərvərlik motivləri çox güclüdür. Xalq əfsanələri əsasında romantik üslubda yazılmış bu əsəri A. Səhhət təsadüfi seçməmişdir. Əsərin qəhrəmanı Qoqi üçün Vətən hər şeydən əzizdir, onun uğrunda o öz canından, ailəsindən belə keçməyə hazırdır. Bunu onun anasına dediyi sözlər də təsdiq edir: “…Vətənə borclu olduğu vəzifəsini ifa etməyən şəxs ana-bacı məhəbbətinə əsla layiq deyildir. Ümumi təhlükə vaxtında kişi üçün övrət qoltuğuna sığınmaq eyibdir. Öylə bir kişi ergək deyildir, qadındır… Anam, bacım məni qucmadan ötrü burada qalmaq, yaxud əyalımla oturub eşq və məhəbbətdən danışmaq kimi şeylər mənim iqtidarımdan mafövqdür. Daha mən artıq dayana bilmərəm…”. A. Səhhəti “Xanəndə Qoqi”ni tərcümə etməyə ruhlandıran məhz bu vətənpərvərlik motivləri olmuşdur.
A.Səhhət böyük gürcü şairi Nikoloz Barataşvilinin məşhur “Merani” şeirini də dilimizə tərcümə edib. N.Barataşvilinin 100 illiyində (1916-cı il) tərcümə olunmuş şeirin tərcüməsi hərfi deyil, Barataşvili mövzusunun yaradıcı surətdə təfsiridir:
Zülmətə nur bizdə üstündür,
Orada kəndimə məkan arayım,
Nerədə xalq elmə düşkündür,
Orada yarü həmzəban arayım.
Yüyür, ey tünd yerişli yorğa atım,
Ta ki, sərmənzili-murada çatım!.
A. Səhhətlə Barataşvili yaradıcılığı arasında müəyyən ideya yaxınlığı görünür. Hər iki şairin əsərlərində bəzən payız küləyi kimi keçən soyuq bir kədər, yalqızlıq əhval-ruhiyyəsi hiss olunsa da bu kədər bədbinliyə, ümidsizliyə aparmır, onlar nədən yazırsa yazsın, insanı həyat, məhəbbət, azadlıq haqqında düşünməyə, gələcəyə inamla, ümidlə baxmağa çağırırlar.
Barataşvili “Səhər açılacaq, günəş doğacaq” dediyi kimi, A.Səhhət də inanırdı:
Vaxta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət?.
Vətənə, doğma xalqa böyük məhəbbət hər iki şairin yaradıcılığının əsas mövzusudur. A. Səhhətin Barataşvili yaradıcılığına müraciət etməsi ədəbi-tarixi əhəmiyyətə malik əlamətdar faktdır, Azərbaycan-gürcü romantizminin yaxınlığını göstərən bir dəlildir.
________
Mənbə: “Ürək bir, dilək bir” kitabı (Bakı, 1981). Müəllifi Dilarə Əliyeva.