Bu gün Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun (1906-1956) vəfatından 68 il ötür. O, yalnız şair və dramaturq deyil, eyni zamanda bir sıra xalqların ədəbiyyatlarından tərcümələrin də müəllifi olub. Şair Puşkinin “Yevgeni Onegin”, Qorkinin “Qız və ölüm” poeması, Lermontov, Şevçenko, Mayakovski və digərlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib.
O, 1937-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir hissəsini Azərbaycan dilinə tərcümə etdiyi üçün Gürcüstan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib.
S.Vurğunun dostu Gürcüstanın Xalq şairi Giorgi Leonidze (1899-1966) onun haqqında demişdir:
“Səməd Vurğun Azərbaycan poeziyasının balı və südü, duzu və çörəyidir, öz xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı önündə baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır”.
G.Leonidzenin S.Vurğun haqqında söylədiyi digər fikirlər 1976-cı il 26 noyabr tarixində işıq üzü görmüş “Sovet Acarıstanı” qəzetində şairin 70 illiyinə həsr olunan “Şair, vətənpərvər, dost” sərlövhəli məqalədə yer alıb: “Səməd Vurğun bizim dostumuz, daha dəqiq həmyerlimizdir. O, Kürün sahilində, Gürcüstanla sərhəddə yerləşən Qazax rayonunun Salahlı kəndində anadan olub. Yeri gəlmişkən, rəvayətə görə Səməd Vurğunun ulu babası Alı ağa gürcü çarı II İraklinin dostu olub və ona yadellilərə qarşı mübarizədə kömək göstərib”.
Gürcü şair “Zarya Vostoka” qəzetinin 1956-cı il 22 may tarixli sayında S.Vurğunun 50 illik yubileyinə həsr etdiyi məqaləsində azərbaycanlı şairin ilk şeirinin Tbilisi qəzetində dərc olunduğunu vurğulayıb: “Qeyd etmək maraqlı olar ki, Səməd Vurğunun poetik cəsarətinə Tbilisi xeyir-dua verib. 1924-cü ildə Tbilisidə Azərbaycan dilində nəşr edilən “Yeni fikir” qəzetində onun ilk şeiri dərc olunub”.
G.Leonidzenin sözlərinə görə, S.Vurğun gürcü xalqının məhəbbət və hörmətini qazanıb, onun gürcü və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsində xidmətləri böyük olub: “O, gürcü poeziyası klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə etməklə Gürcüstan ədəbiyyatının şöhrətləndirilməsi üçün çox işlər görüb”.