Azərbaycanın müstəqilliyinin elan edildiyi bina – Tbilisinin mərkəzində ən görkəmli tikili

“Tarix burada başlayır”. Tbilisinin mərkəzi Rustaveli prospekti 6 ünvanında yerləşən Milli Gənclər Sarayının şüarı belədir. Azərbaycanın müstəqilliyinin tarixi də məhz bu əzəmətli binada başlayıb.

Vaxtilə Qafqaz Canişininin sarayı və ya Vorontsov sarayının yerləşdiri tarixi binada 106 il bundan öncə mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqillikləri elan edilib. 1918-ci ilin mayın 28-də sarayın Güzgülü zalında Azərbaycanın İstiqlal Bəyannaməsinin oxunması ilə əzəmətli tikili iki qonşu ölkə ilə yanaşı, Azərbaycan üçün də böyük tarixi əhəmiyyət qazanıb.

Güzgülü zalın girişində Azərbaycanın müstəqilliyinin məhz bu məkanda elan edilməsi barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə var.

Azərbaycan Xalq Cümhuriyyətinin – Şərqin ilk demokratik respublikasının ilk şahidi olan Milli Gənclər Sarayında 2020-ci ildən əsaslı təmir-bərpa işləri aparılır.

Binanın tarixinə nəzər salaq.

Bina 1868-ci ildə alman əsilli rus memar Otto Simonson tərəfindən Renessans dövrünün palazzi tərzində 1802-ci ildə tikilmiş canişin sarayının yerində inşa olunub. Memar əvvəlki tikilinin bir hissəsini saxlayıb. Saray canişinin evi olmaqla yanaşı, həm də iş yeri idi. Burada danışıqlar, rəsmi görüşlər və mərasimlər, ballar keçirilərdi, naharlar verilərdi. Sarayın planlaşdırılması və interyerin müxtəlifliyi məhz bu mərasimlər üçün nəzərdə tutulmuşdu. Binanın həyətində unikal ağac, kol və çiçəklərin olduğu böyük bağ da olub.

1917-ci ildən sarayda Zaqafqaziya Federasiyasının hökuməti yerləşirdi. 1920-ci illərdə binada xaosun hökm sürdüyü, mebel və digər əşyaların məhv edildiyi və oğurlandığına dair məlumatlar var. 1937-ci ilədək tikilidə sovet Gürcüstanının hökuməti, 1941-ci ildən isə Pionerlər Sarayı yerləşib.

2018-ci ildə saraya muzey statusu verilib. Hazırda Milli Gənclər sarayında 6 yaşdan 26 yaşadək uşaq, yeniyetmə və gənclər üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnəklərdə 8 minə yaxın yeniyetmə və gənc təhsil alır.