“Dəli Kür”ün Şahnigarı, “Tütək səsi”nin Sayalısı – Atası repressiya qurbanı, anası sürgündə, kinosuz yaşaya bilməyən aktrisa

Liya Eliava “Dəli Kür” (1969), “1001-ci qastrol” (1974), “Tütək səsi” (1976) filmlərində yaddaqalan obrazlar yaratmaqla Azərbaycan kino tarixinə düşüb. Gürcüstanın Xalq artisti, “Dəli Kür”ün Şahnigarı, “1001-ci qastrol”un Şirin xanımı, “Tütək səsi”nin Sayalısı həyatda olsaydı, ötən gün 90 illik yubileyini qeyd edəcəkdi.

Aktirsa Şahnigar rolunda
Aktrisa Şirin xanım rolunda
Aktrisa Sayalı rolunda

Aziz.ge oxucularını L.Eliavanın (1934-1998) həyat və yaradıcılığı ilə yaxından tanış edir.

Aktrisa 1934-cü ilin mayın 28-də Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu (QİTİS) bitirib, bundan sonra Kote Marcanişvili adına teatrın truppasına qəbul olunub. Daha sonra isə Şota Rustaveli adına  Akademik Teatrın aktrisası olub.

Liya Eliava

Həyat yoldaşı Gürcüstanın Xalq artisti, kino və teatr aktyoru Otar Koberidze (1924-2015) olub.

Atası repressiya qurbanı, anası sürgündə

L.Eliavanın atası ixtisasca iqtisadçı Şalva Eliava Berlin Universitetini bitirdikdən sonra əvvəlcə Almaniyada, sonra isə İtaliyada işləyib. Gürcüstana qayıdaraq Ekaterine Kereselidze ilə evlənib. 1934-cü ildə Ş.Eliava xalq maliyyə komissarı təyin edilib. O, hökumət evinin tikintisi ilə bağlı Lavrenti Beriya ilə fikir ayrılığı yaşayıb. 1937-ci ildə güllələnib, həyat yoldaşı isə həbs edilərək sürgünə göndərilib.

Valideynsiz qalan balaca Liya nənə-babasının himayəsində qalır. O, xatirələrində atasını çox xatırlamadığını, uşaqlıq vaxtı anası üçün çox darıxdığını bildirib.

Liya Eliava

Anası sürgündən qayıdanda Liyanın artıq 17 yaşı var idi. Aktrisanın anası ilə bağlı söylədiklərindən: “Mənə demişdilər ki, anam gözəl və zərif qadın olub. Onunla görüşmək üçün səbirsizlənirdim. Eyni zamanda qorxu var idi, nə söyləcəyimi bilmirdim – ən yaxın və eyni zamanda yad qadın həyatıma daxil olurdu”.  

“Elə o vaxtlardan aktrisa olmağı arzulamağa başladım”

Kino və teatr L.Eliavanı lap uşaqlıqdan cəlb edirdi. O, kiçik yaşlarında həmyaşıdları ilə bir yerdə küçədə kino ulduzlarının arxasınca necə qaçdıqlarını belə xatırlayırdı: “Küçədə Nato Vaçnadze və ya Tamar Tsitsişvilini görmək bizim üçün böyük hadisə idi. Elə o vaxtlardan aktrisa olmağı arzulamağa başladım”.

Moskvada təhsil aldığı illərdə L.Eliava gürcü jurnalistlə ailə həyatı qurur, lakin bu evlilik uzun sürmür. Elə bu dövrdə “Başi-Açuk” (1956) filminin çəkiliş heyəti Moskvaya gəlir və rejissor Leo Esakiya L.Eliavanı əkiz bacılar – Mzisa və Mtvarisa roluna təsdiqləyir. Aktirsa gələcək həyat yoldaşı Otar Koberidze ilə məhz bu filmin çəkilişləri zamanı tanış olur. Aktyor filmdə əsas qəhrəmanı – “Başı-Açuk”un obrazını canlandırırdı.

“İlk dəfə Liya ilə “Başi-Açuk” filminin çəkilişlərində tanış oldum və onun gözəlliyi məni valeh etdi”, – O.Koberidze xatırlayırdı.

Liya Eliava və Otar Koberidze

L.Eliava ilk uğursuz nikahdan sonra ailə qurmaq barədə düşünmürdü: “Lakin Otar o qədər israrlı və gözəl evlilik təklifi etdi ki, imtina edə bilmədim. “Mamlyuk” filmi (1958) ekranlara çıxanda artıq bizim Nana adlı sevimli qızımız var idi”.

“Kinosuz yaşaya bilmərəm”

Aktrisanın kinoda ilk rolu “Yolda kölgə” (1956) filmində olub. O, bir çox filmlərdə həyat yoldaşı ilə tərəf müqabili olub.

L.Eliava 30-dan çox filmdə çəkilib, gözəlliyi və istedadı ilə tamaşaçıların yaddaşında qalıb. Aktrisa deyirdi:

“Ekranda yaratdığım bütün obrazlar mənə əzizdir, çünki onların hər biri həyatımın bir parçasıdır… Bizim peşəmiz çox çətindir. Çox vaxt mənə təklif olunan rollar məni qane etmir, amma yenə də qəbul edirəm. Bilirəm ki, bu, kompromisdir, amma kinosuz yaşaya bilmərəm”.

L.Eliavanı teatr tamaşalarında baş rollara dəvət etsələr də, müəyyən səbəblərdən səhnəyə yolunun qarşısı alınırdı.

Liya Eliava və Otar Koberidze

O, 1960-cı ildə Gürcüstanın Əməkdar, 1976-cı ildə isə Xalq artisti fəxri adını alıb.

Aktrisanın son filmi “Antimoz İverieli” olub. O, ekran əsərində rahibə rolunda çıxış edib. Film aktrisanın vəfatından sonra – 2001-ci ildə ekranlara çıxıb.

L.Eliava 1998-ci ilin oktyabrın 8-də 64 yaşında mikroinfarktdan vəfat edib, Tbilisinin Didube panteonunda dəfn olunub.