Qafqazda ilk yer, xalçaların ən bahası, nəsildən-nəslə keçən alətlər – Şuşa xalçaçılığı gürcü müəllimin təsvirində

Şuşada müəllim kimi çalışmış Yakob Zedginidzenin (1859-1943) Azərbaycan xalçaları haqqında yazdıqları 1891-ci ildə Tiflisdə nəşr olunmuş “Qafqaz vilayətləri və tayfalarının təsviri üçün materillar toplusu”nun 11-ci buraxılışında yer alıb.

Bütün Qafqazda ilk yer Şuşaya məxsusdur

Y.Zedgenidze “Yelizavetpol quberniyası. Şuşa şəhəri” başlıqlı materialında Şuşada mövcud kustar istehsal növləri arasında məmulatların kəmiyyəti və keyfiyyəti baxımından birinci yeri xalçaçılığın tutduğunu bildirib, bu sənətin yerli qoyun yunundan xalça və palazların hazırlanmasından ibarət olduğunu vurğulayıb.  

“Toxunan xalça və palazların kəmiyyəti və keyfiyyətinə görə ilk yer bütün Qafqazda Şuşaya məxsusdur. Xalçaçılıqla Şuşanın ətraf kəndlərində, həmçinin Cəbrayıl və Zəngəzur qəzalarında da məşğul olurlar. Lakin burada hazırlanan məmulatlar Şuşa xalça və palazlarından çox geridə qalır. Buna görə də Şuşa xalçaları bahadır, baxmayaraq ki, onların boyaları həmişə davamlı olmur: 2 ¼ x 1 ¼ xan arşını ölçüsündə olan Zəngəzur xalçası Şuşada 7-8 rubl, bu cür Şuşa xalçasının qiyməti isə 15 rubl təşkil edir”, – materialda qeyd olunub.

Xalça istehsalında Şuşa qonşu qəzalardan asılı deyil

Y.Zedginidzenin yazdıqlarına görə, xalça istehsalında Şuşa qonşu qəzalardan asılı deyil və buradakı məmulatlara heç bir təsiri yoxdur: “Bu mənada Şuşanın bu qəzalarla bütün əlaqəsi yun, daha sonra özünün istehsal etmədiyi məmulatların – məfrəş, xurcunlar, çuvallar, cimcimlər (Cəbrayıl qəzasından) və b. və cüzi sayda xalça və palaz alınması ilə məhdudlaşır. Şuşanın bu məmulatlara təsirinin olmaması onunla izah olunur ki, tatar (azərbaycanlı) kəndli ailələri üçün qızların xalça toxumağı öyrənmək üçün Şuşaya göndərmək çətin idi, çünki orada qızlar artıq 10 yaşından gəlin hesab olunurdu, erməni ailələr üçün isə – ona görə ki, Şuşada demək olar bütün xalçaçılıq tatar (azərbaycanlı) ailələrdə cəmləşib, erməni tatar (azərbaycanlı) ailəsinə qızını öyrənməyə məlum səbəblərdən göndərməyə razı olmaz. Bundan başqa, kəndlilərin xalça toxumağı öyrənmək üçün qızlarını Şuşaya göndərmək niyyəti belə yoxdur: kəndlərdə özləri üçün toxuyurlar (yalnız ehtiyac yaranan halda satırlar) və buna görə də məmulatların zərifliyinin qayğısına xüsusən qalmırlar – hətta işin bu tərəfinə ziyan olaraq vaxta qənaət etmək məqsədilə mürəkkəb naxışlardan boyun qaçırmağa çalışırlar, xüsusən ona görə ki, xalçaların böyük hissəsini yaz, yay və payızda – kənddə qiymətin xüsusilə dəyərli olduğu vaxtda toxuyurlar”.

Tədqiqatçı, həmçinin vurğulayır ki, Şuşada xalçaçılıq demək olar kustar istehsaldan ibarətdir: “Sifarişlə xalça toxuyanlar nadir istisna təşkil edir – hamısı sərbəst alıcıya işləyir. Kustarların (xırda sənətkarlar) dəqiq sayını müəyyən etmək kifayət qədər çətindir: bu, hətta yerli qəza idarəsinə belə məlum deyil”.

Materialda Şuşada xalça toxunması üçün lazım olan dəzgah və hava, kirkid kimi alətlərin detallı təsviri də verilib, dəmir alətlərin yerli dəmirçilərin düzəltdiyi, bəzilərinin nəsildən-nəslə keçdiyi, dəzgahla alətlərin ümumi qiymətinin təqribən 11 rubl təşkil etdiyi vurğulanıb.

Həmçinin oxu: Şuşada 20 il dərs demiş, Gürcüstanın Əməkdar müəllimi — Yakob Zedginidze