Gürcü şairi Giorgi Samxaradze (1910-1982) “Azərbaycan yolları” şeirində Bakıya, Gəncəyə səfərindən poetik dildə söz açıb. Kutaisidən olan şair yolda Azərbaycanın Xalq şairi Səməd Vurğunun vəfatı xəbərini aldğını və bundan necə kədərləndiyini qələmə alıb.
Şeirin Azərbaycan dilinə tərcüməsi “Kür Xəzərə qovuşur” adlı kitabda (Bakı-1988) yer alıb. Həmin poeziya nümunəsini təqdim edirik.
Qardaşlıq ülfəti səslədi məni,
Ruhum qanadlandı, güldü gözlərim.
Hər yerdə dost-tanış gözlədi məni,
Bakıya, Gəncəyə düşdü səfərim.
***
Elə ki, şeh düşdü, güllər oyandı,
Dağlar, dərələr də dəyişdi donun.
Yolda xəbər çatdı: qəlbi dayandı
O ellər bülbülü Səməd Vurğunun.
***
Gözlərim qaraldı, fırlandı başım,
Dərdim nəfəsimi mən yorğun-yorğun.
Göynədi ürəyim, axdı göz yaşım,
Ölərmi ellərin vurğunu Vurğun?
***
O gün bu xəbərdən büküldü belim,
Dəyişdi ritmini ürəyim yenə.
Gənçəçayına da çatdı niskilim,
Göz yaşı çilədi çölə, çəmənə.
***
Elə bil təbiət qalmışdı yetim,
Dağlar axıdırdı göz yaşlarını.
O gün ovunmaqçın ziyarət etdim
Barataşvilinin mən məzarını.
***
Hamını dəhşətə saldı bu xəbər,
Qardaş da, bacı da eylədi fəğan.
Hər yanda bayatı, ağı deyənlər,
Hər yanda ağlaşma, hər yanda hicran.
***
Günəşin üzünə pərdə çəkildi,
Dağlar örpəyini başına saldı.
Eh, nə tez ayrılıq zamanı gəldi,
Ürəyim Göy göldə, Gəncədə qaldı.
***
Sevincimiz birdir, kədərimiz bir,
Qoşa oxumuşuq hər nəğməmizi.
Arada ayrılıq, uzaqlıq nədir,
Xram da ülfətə çağırır bizi.
***
Yollar haraylayır, getməliyəm mən,
Ürək ayrılmayır dostdan, tanışdan.
Ayrılıq mahnısı oxundu deyən,
Kövrəltdi qəlbimi, kövrəltdi yaman.
***
Ürəkdən bağlıyam indi Gəncəyə,
Kim deyir qəlbimi qoparıram mən?
Burdan müjdə kimi Kutaisiyə
Qardaşlıq salamı aparıram mən.