Bu gün Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin (1908-1938) anadan olmasından 116 il ötür. Nəğməkar şairin şeirləri arasında Gürcüstanın və Tiflisin vəsf olunduğu poeziya nümunələri də var. M.Müşfiq “Şən Tiflis” şeirində şəhərlə yanaşı Kür çayını da vəsf edib, onu təbii bəstəkar adlandırıb.
Həmçinin oxu: Mikayıl Müşfiqin “Şən Tiflis”i
Nakam şairin “Qafqaz” adlı şeirinin iki bəndi Tiflisə həsr olunub. Həmin bəndlərdə Tiflis çiçəklər şəhəri adlandırılıb, gürcü qızının gözəlliyi təsvir edilib.
“Qafqaz” şeirini təqdim edirik:
Şərqdə bir çox fırtınalı boralar əsmiş,
Qoparmışlar keçdikləri yolda tozanaq.
Hər bora bir gic ürəkdən qopan həvəsmiş,
Bunlar üçün Qafqaz dəxi yapılmış oylaq.
***
Bu uğursuz boraları əsdirənləri
Ehtirasla qucaqlarkən mərmər sinələr,
Ac torpaqla yutmuş susuz can verənləri
O canavar ağızları qorxunc sənələr.
***
Gözəl Qafqaz o günləri artıq unutmuş,
Başqa səs var zurnasında, balabanında.
O üzünü indi başqa bir üfqə tutmuş,
Başqa quşlar dəm çəkiyor sayəbanında.
***
…Azərbaycan uğuldayan buruqlarilə
Ətrafına bir div kimi nərələr saçar.
Əməkçilər qüvvətilə, ixtiyarilə
İctimai cəmiyyətə hər gün yol açar.
***
Dinlə, Tiflis, keçmişini eyləyincə hiss
Gəmiriyor içərimi yırtıcı dişlər.
Tiflis, Tiflis, ey çiçəklər bəldəsi* Tiflis,
Dilə gəlməz o səndəki ilərləyişlər.
***
Gürcü qızı, bir ruzgarın xülqi var səndə,
Küləklərin rəftarından doğdunmu nədir?!
Qaşlarının budaqları kölgəliyində
Könlüm kimi göyərçinlər nədən titrəyir?
***
Burax günəş indi balıq şüalarilə
Damla-damla əriyərək batsın sularda.
Biz məhəbbət günəşinin parçalarilə
İsinəriz bu Qafqazda, bu şux diyarda.
***
Burax bizim qarşımızda diz çöksün, burax,
O başı dik, başı müzlüm dumanlı dağlar!
Qaynar-qaynar gözlərindən yaş töksün, burax,
Hər ruzgara köküs gərən amanlı dağlar!
__________
*qəsəbə, böyük kənd